"Türkiyə zəlzələsi qardaşlığımızın sınağı oldu" - Fazil Mustafa
Türkiyənin cənubunda 7,8 və 7,5 bal gücündə iki zəlzələnin on minlərlə insanın həyatına son qoymasından 3 il ötür.
Xatırladaq ki, zəlzələdən sonra Türkiyəyə yardım edən ilk ölkə Azərbaycan olub.
Redaktor.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirdi ki, həmin zəlzələ Türkiyə üçün çox böyük bir faciə idi və türk milləti bu faciəni son dərəcə ağır bir sarsıntı ilə yaşadı:
"Buna baxmayaraq, Türkiyə məğrur şəkildə ayaqda dura bildi. Bu prosesdə qürur duyduğumuz əsas məqamlardan biri də odur ki, Azərbaycan qardaş dövlət kimi Türkiyənin yanında oldu. Təkcə yanında olmaqla kifayətlənmədi, Türkiyə ilə birlikdə bu ağır acını yaşadı və onun yaralarının sağalması üçün konkret addımlar atdı. Azərbaycan dövləti 100 milyon vəsait ayıraraq yeni bir yaşayış məntəqəsinin salınmasını təmin etdi. Bu addım qardaş Türkiyəyə verdiyimiz böyük və mənalı qardaşlıq töhfəsi oldu. Həmin yaşayış məntəqəsinin açılışında hər iki ölkənin prezidentinin iştirakı isə bu qardaşlığın daha bariz və canlı nümunəsini ortaya qoydu. Təbii ki, heç bir acı asanlıqla insanın qəlbindən silinmir. Amma əsas olan odur ki, Azərbaycan bu ağrını azalda biləcək, təsəlli verə biləcək qədər önəmli addımlar atdı. Bu faciə eyni zamanda bizim qardaşlığımızın sınağı oldu və bu sınaqdan üzüağ çıxdığımızı bir daha göstərdi".
Xədicə BAXIŞLI













