"Zatulinin rus şovinisti, yoxsa erməni uzantısı olduğunu dəqiq müəyyən etmək çətindir" - Əli Mustafa

 19:23 06.02.2026     846

Bu gün Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb.

XİN-dən verilən məlumata görə, Rusiya səfiri ilə görüş zamanı, 5 fevral tarixində Rusiya Federasiyası Dövlət Dumasının MDB, Avrasiya inteqrasiya məsələləri və həmvətənlərlə əlaqələr Komitəsinin sədrinin birinci müavini, hakim “Vahid Rusiya” Partiyasının üzvü Konstantin Zatulinin ölkəmizdə Ermənistan Respublikası vətəndaşlarının məhkum olunması ilə bağlı bəyanatı ilə əlaqədar kəskin etiraz bildirilib və Rusiya tərəfinə müvafiq nota təqdim edilib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Əli Mustafa bildirdi ki, Zatulin qəribə şovinist adamdır:

"Onun rus şovinisti olduğunu, yoxsa erməni uzantısı olduğunu dəqiq müəyyən etmək çətindir. Amma bir qayda olaraq, o, erməniləri müdafiə edir və Azərbaycan əleyhinə danışır. Bəzən isə açıqlamaları çox əsassız, haqsız və həyasızcasına olur. Yəni o, qəribə bir anti-tipdir, anti-Azərbaycan mövqedə duran bir adamdır. Maraqlıdır ki, uzun illərdir Rusiya Dumasında vəzifə tutur. Bu, aydın göstərir ki, Rusiyada seçkilər çox vaxt saxtalaşdırılır və onun orada yeri təmin olunub. Ola bilsin ki, Azərbaycan əleyhinə danışdığı üçün də ona belə bir mövqe verilib. Bütün hallarda o, Rusiyanın siyasi estableşmentində təsadüfi mövqe tutmur. Uzun müddətdir bu mövqedən çıxış edir. Azərbaycan dövləti Rusiyanın siyasi dairələrini məlumatlandırmalı və etirazını bildirməlidir ki, bu düzgün bir addımdır.

Bu gün Qarabağ separatçılarının və müharibə canilərinin mühakimə olunması prosesi dünyanın gözü qarşısında baş verir. Onların cəzalandırılması doğrudur, haqlıdır, çünki minlərlə insanın həyatını itirməsi bilavasitə bu separatçıların və erməni faşistlərinin fəaliyyətindən qaynaqlanır. Görünür, Zatulin də onlarla bağlıdır və bu səbəbdən onlara dəstək verir".

Politoloq əlavə etdi ki, Rusiya hakimiyyət orqanları bu məsələlərdən xəbərdar olmalı və tədbir görməlidirlər.

"Onun çıxışlarının qarşısı alınmazsa, Azərbaycan-Rusiya münasibətlərinə xələl gələ bilər. Doğrudur, Rusiyanın başqa dairələri də Azərbaycana qarşı haqsızlıqlarda iştirak edirlər, Zatulin tək deyil. Amma onun fəaliyyəti Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir göstərir və Azərbaycanın Rusiya ilə münasibətinə təsir edə biləcək bir faktordur. Ümumiyyətlə, bizim münasibətlərimizdə həm konstruktiv, həm də gərgin məqamlar mövcuddur. Zatulinin fəaliyyəti münasibətlərin bir qədər pozulmasına təsir edə biləcək faktor kimi nəzərə alınmalıdır. Bu, ciddi təsir yaratmasa da, yadda qalır ki, Rusiya hökuməti belə bir adamı himayə edir və onun Duma seçkilərinə saxta şərait yaratması xoş deyil. Artıq onlar fərqindədirlər ki, Azərbaycan onun fəaliyyətini izləyir və bu fəaliyyəti Azərbaycan-Rusiya münasibətlərinə zərər verir. Ümid edək ki, Rusiya tərəfi bunu nəzərə alacaq və lazımi korreksiyaları edəcək", - deyə müsahibimiz yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən