Vaşinqtonun diqqəti Bakıda: Vensin səfəri region üçün nə deməkdir? - Deputatdan AÇIQLAMA
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens 10-11 fevralda Vaşinqtonun Cənubi Qafqazda davam edən sülh səylərinin bir hissəsi olaraq Azərbaycan və Ermənistana səfər edəcək.
Vensin səfəri sülh prosesinə necə təsir göstərə bilər?
Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirdi ki, ABŞ vitse-prezidentinin Azərbaycana səfəri region, xüsusilə də Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır:
"Bu addım ABŞ xarici siyasət strategiyasında Azərbaycanın nə qədər önəmli yer tutduğunu bir daha nümayiş etdirir. Ümumilikdə, yeni Amerika xarici siyasət konsepsiyasına görə Azərbaycan Cənubi Qafqazda və geniş Avrasiya məkanında açar ölkə kimi qiymətləndirilir. Bu baxımdan vitse-prezidentin səfəri həm ABŞ-Azərbaycan münasibətlərinin inkişafı, həm də sülh gündəliyinin irəlilədilməsi baxımından xüsusi önəm kəsb edir. Vensin Azərbaycana səfərinə digər kontekstdən yanaşdıqda qeyd etmək lazımdır ki, o, hazırda Respublikaçılar Partiyasında Trampdan sonra ən nüfuzlu fiqurlardan biri hesab olunur və gələcəkdə ABŞ prezidentliyi səviyyəsində siyasi çəkisi olan şəxs kimi dəyərləndirilir. Eyni zamanda, o, Trampın xarici siyasət xəttinin formalaşmasında ideoloji baxımdan təsirli fiqurlardan biri sayılır. Xatırlayırsınızsa, 2025-ci ilin 14-16 fevral tarixlərində Münhen Təhlükəsizlik Konfransı çərçivəsində etdiyi çıxış geniş rezonans doğurmuşdu. Həmin çıxışda Vensin baxışlarına görə dünyanın açar regionları və ölkələri müəyyənləşdirilmiş, Avropa İttifaqına tənqidi yanaşma sərgilənmiş, əvəzində isə Cənubi Qafqaza və xüsusilə Azərbaycana xüsusi önəm verildiyi vurğulanmışdı. Bu yanaşma Azərbaycanın artan regional rolunun göstəricisi kimi təqdim olunurdu".
Millət vəkili əlavə etdi ki, Vens ənənəvi transatlantik diplomatik münasibətlər konsepsiyasından daha çox realizm və praqmatizmə əsaslanan xarici siyasət xəttinə üstünlük verən siyasətçi kimi xarakterizə olunur:
"Keçmişdə demokratlar hakimiyyəti dövründə Azərbaycana münasibətin fərqli olduğu tez-tez qeyd edilirdi; həmin dövrdə Cənubi Qafqaz üzrə səfərlərin əsasən Gürcüstana yönəldiyi vurğulanırdı. Bu isə Ermənistan-Azərbaycan münaqişəsinin uzun müddət həllsiz qalması fonunda regiona selektiv yanaşma kimi qiymətləndirilirdi.
Hazırkı səfər isə fərqli kontekstdə təqdim olunur: marşrutun Azərbaycanı əhatə etməsi, Zəngəzur dəhlizi, Ermənistan-Azərbaycan sülh gündəliyi, Azərbaycanın regional və daha geniş Avrasiya məkanındakı rolu kimi mövzular ön plana çıxır. Xüsusilə vurğulanır ki, Azərbaycan ABŞ üçün həm Mərkəzi Asiyaya, həm də türk dünyasına açılan strateji pəncərə kimi qiymətləndirilir. Məhz bu baxımdan vitse-prezidentin səfəri həm regional balans, həm də sülh prosesinin irəliləməsi üçün əhəmiyyətli addım kimi dəyərləndirilir".
Xədicə BAXIŞLI













