"Revanşist və separatçı meyillərin cücərməsinin qarşısı yerindəcə alınmalıdır" - Əli Orucov

 13:49 10.02.2026     529

Qərbi Azərbaycan İcması (QAİ) Ermənistanda və ondan kənarda sülhə qarşı yönəlmiş bir sıra cəhdlərlə bağlı narahatlığını ifadə edib.

Redaktor.az-a danışan politoloq Əli Orucov bildirdi ki, QAİ-nin narahatlığı başadüşülən və haqlı narahatlıqdır:

"Ermənistanda məhkəmənin Samvel Şahramanyan adlı şəxsin qondarma qurumun “özünü buraxması barədə qərarı”nın güc tətbiqi və ya təhdid altında verilməsi və buna görə də hüquqi qüvvəyə malik olmaması barədə təxribatçı qərarı suveren bir dövlətin daxili işlərinə kobud müdaxilə və işğalçılıq siyasətinə haqq qazandırmaq cəhdidir.

“Dağlıq Qarabağ” adlı nə dövlət olub, nə də onun strukturları mövcud olub. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan keçmiş işğal zonalarında separatçı və terror yuvaları salınmışdı ki, bunlar da 44 günlük müharibədə və bir günlük antiterror əməliyyatında təmizləndi. Ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi, terrorçu və separatçı cinayətkarlar həbs edilərək layiq olduqları cəzaları aldılar".

Müsahibimiz vurğuladı ki, artıq qondarma “Dağlıq Qarabağ” mövzusu birdəfəlik qapadılıb.

"Bu mövzu düşünürəm ki, heç indiki Ermənistan iqtidarının da gündəliyində yoxdur və aktual deyil. Baş nazir Nikol Paşinyan dəfələrlə bəyan edib ki, keçmiş “Dağlıq Qarabağ” mövzusunu qabartmaq sülh və normallaşma prosesini dağıtmaq, yeni gərginlik yaratmaq deməkdir.

Ermənistan məhkəməsinin çıxartdığı məlum qərar adi kağız parçasıdır. Lakin məqsəd məkrli olduğundan sərt cavab verilməli, bu cür revanşist və separatçı meyillərin cücərməsinin qarşısı yerindəcə alınmalıdır. Düşünürəm ki, sülh prosesi və qarşılıqlı təmaslarda da Ermənistan rəhbərliyi qarşısında ciddi şəkildə bir daha belə halların baş verməməsi tələb edilməlidir".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən