"Vensin Ermənistana səfəri zamanı imzalanmış sənədlər Azərbaycanla razılaşdırılıb" - Deputat
"ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Cənubi Qafqaz regionuna, o cümlədən Ermənistan və Azərbaycana səfəri son geosiyasi proseslər kontekstində olduqca önəmlidir. Hesab edirəm ki, bu səfərin zirvəsi məhz Azərbaycana səfəri olacaq. Təsadüfi deyil ki, Vens proqramının ən mühüm, yekun hissəsini Azərbaycanda tamamlamaqla regionda əsas ölkə olan Azərbaycanla münasibətlərin yenidən yüksək səviyyəyə qaldırılmasına diqqət çəkir. Keçirilən görüşlər də bu münasibətlərin ABŞ üçün nə qədər önəmli olduğunu göstərir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Ermənistana olan səfərindən danışarkən bildirdi.
Onun fikrincə, Vensin Ermənistana səfəri və orada imzalanmış sənədlər sırf Azərbaycan və regionla razılaşdırılmış, tarazlaşdırılmış şəkildə həyata keçirilir:
"Yəni bu səfərin Azərbaycan üçün hansısa neqativ nəticələr doğura biləcəyi ehtimallarını istisna edirəm. Söhbət ondan gedir ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı sülh gündəmini dəstəkləyir və bu gündəmi təşviq etmək məqsədilə Ermənistan və Azərbaycana səfərlər paralel şəkildə baş tutur".
Millət vəkili əlavə etdi ki, Respublikaçılar Partiyasının ən güclü fiqurlarından biri sayılan, Prezident Trampdan sonra ikinci əsas sima kimi təqdim olunan Ceyms Devid Vens böyük ehtimalla partiyanın növbəti lideri və gələcəkdə ABŞ-nin Respublikaçılar Partiyasından prezidentliyə əsas namizədlərindən biri ola bilmə ehtimalı ilə bu səfəri tarixi xarakterli addım kimi qiymətləndirmək mümkündür:
"Azərbaycan-ABŞ münasibətlərinə nəzər salsaq, artıq strateji xartiyanın hazırlanaraq tamamlandığı, münasibətlərin strateji çərçivə əsasında müəyyənləşdirildiyi bildirilir. Bundan əlavə, TRIPP marşrutu ilə bağlı mühüm layihə də gündəmdədir. Bu layihə Azərbaycanın Naxçıvanla və ümumilikdə türk dünyası ilə əlaqələrinin güclənməsinə, Orta Dəhlizin tarixində ən böyük təşəbbüslərdən biri kimi yadda qalmasına səbəb ola bilər. Digər tərəfdən, ABŞ-Azərbaycan münasibətlərində keçmişdən qalan bəzi məsələlər, 907-ci düzəliş kimi sənədlərin artıq tarixin arxivinə göndərilməsinin vaxtının çatdığı qeyd olunur. Bu mövzuların da vitse-prezidentin səfəri çərçivəsində gündəmdə olduğu bildirilir".
Müsahibimizin fikrincə, bu səfəri son dövrlərin ən diqqətçəkən siyasi və geosiyasi addımlarından biri kimi dəyərləndirmək olar:
"Belə ki, Vens 2025-ci ilin fevralında "Münhen Təhlükəsizlik Konfransı"nın 61-ci toplantısında iştirak edərək ABŞ-nin xarici siyasət yanaşmasına dair çıxış etmiş və yeni praqmatik yanaşmanın konturlarını təqdim etmişdi. Bu yanaşmaya görə, ənənəvi transatlantik münasibətlərlə yanaşı, yeni regional güclər və dəyişən reallıqlar da ABŞ üçün daha çox önəm kəsb edir. Məhz bu kontekstdə Vensin Azərbaycana səfəri və liderlə görüşü ABŞ siyasətində yeni praqmatik istiqamətin vurğulanması kimi şərh olunur. Bu baxımdan, səfər Azərbaycanın apardığı siyasətin regiona böyük güclərin marağını cəlb etməsi prizmasından geosiyasi uğur kimi qiymətləndirilə bilər. Nəticə etibarilə, həm sülh gündəminin dəstəklənməsi, həm TRIPP marşrutu, həm də ABŞ ilə strateji xartiya çərçivəsində münasibətlərin inkişafı, eləcə də 907-ci və Cekson-Venik kimi maneələrin aradan qaldırılması istiqamətində yeni imkanların yarandığı qeyd olunur".
Qeyd edək ki, hazırda ABŞ-nin vitse-prezidenti C.D.Vens İrəvana səfərini başa vuraraq Bakıya yola düşüb.
Xədicə BAXIŞLI













