"ABŞ-nin vitse-prezidentinin səfəri Paşinyana referendum üçün siyasi dəstək qazandıra bilər" - Metyu Brayza

 17:33 10.02.2026     567

"ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycan və Ermənistana səfəri iki ölkə arasında sülh prosesinin irəliləməsinə iki istiqamətdə töhfə verə bilər. Birincisi, onun Azərbaycana səfərinin Azərbaycan-ABŞ münasibətlərini daha da möhkəmləndirəcək və bununla da Azərbaycan tərəfinə ABŞ-nin strateji tərəfdaş kimi etibarlı olduğuna dair əlavə inam yaradacağı gözlənilir. Bu amil, öz növbəsində, Azərbaycanın Ermənistanla sülh müqaviləsinin irəlilədilməsi prosesində daha böyük siyasi risklər götürməsinə şərait yarada bilər".

Bu fikirləri Redaktor.az-a açıqlamasında ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Cənubi Qafqaz regionuna səfərindən danışarkən bildirdi.

Diplomatın sözlərinə görə, vitse-prezident Vensin İrəvana səfərinin Baş nazir Nikol Paşinyana Ermənistan Konstitusiyasına dəyişikliklə bağlı referendumun keçirilməsi üçün daxili siyasi dəstək formalaşdırmaq baxımından yardımçı olacağı düşünülür.

"Prezident İlham Əliyev bu referendumun Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, onun Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə, o cümlədən keçmiş Dağlıq Qarabağ və Azərbaycanın ətraf yeddi rayonu məsələsində tam sadiqliyinə dair mövcud şübhələrin aradan qaldırılması baxımından vacib olduğunu qeyd edir. Baş nazir Paşinyan referendumun keçirilməsində qətiyyətli mövqe sərgilədiyini nümayiş etdirib. ABŞ-nin vitse-prezidentinin bu prosesi açıq şəkildə dəstəkləməsi və mümkün təzyiq mexanizmlərindən istifadə etməsi Paşinyana parlamentdə referendumun təşkili üçün zəruri olan mütləq səs çoxluğunu əldə etməyə, eləcə də Ermənistan seçiciləri arasında keçiriləcək ümumxalq səsverməsi yolu ilə müvafiq konstitusiya dəyişikliyinin təsdiqlənməsinə kömək edə bilər",- deyə Metyu Brayza vurğuladı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən