"Vensin səfəri Cənubi Qafqaz regionunda sabitlik, sülh və əməkdaşlığa xidmət edir" - Deputat

 16:54 11.02.2026     607

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Vitse-prezidenti Ceyms Devid Vens ötən gün Azərbaycana rəsmi səfərə gəlib. Səfər çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası” imzalanıb.

Qeyd edək ki, bundan öncə ABŞ-nin vitse-prezidenti Ermənistanda səfərdə olub.

Bəs Vensin Azərbaycana rəsmi səfəri Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının tezləşməsinə töhfə verə bilərmi?

Milli Məclisin deputatı Asim Mollazadə Redaktor.az-a açıqlamasında bildirdi ki, bu səfər Cənubi Qafqaz regionunda sabitlik, sülh və əməkdaşlığa xidmət edir:

"Ermənistan-Azərbaycan arasındakı sülh sazişinin maneəsi ancaq Ermənistan Konstitusiyasında mövcud olan Azərbaycanla bağlı ərazi iddialarıdır. Faktiki olaraq mən başqa maneə görmürəm, ərazi iddiaları ləğv olunduqdan sonra saziş imzalana bilər. Ermənistan müvafiq dəyişikliyi həyata keçirməlidir və bu, onların sözlərinə görə, 2026-cı ildə olacaq. Bundan sonra da məsələ öz həllini tapacaq".

Millət vəkilinin sözlərinə görə, Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılması istiqamətində Amerika öz töhfəsini verir:

"Amerika Prezidenti Donald Trampın xüsusi layihəsi var və bu layihə təkcə Azərbaycan-Ermənistan arasında kommunikasiyaların açılması deyil, bu, əslində Asiya ilə Avropa qitələrini birləşdirən çox mühüm bir kommunikasiya sisteminin formalaşmasına imkan yaradacaq. ABŞ bu istiqamətdə çox ciddi və israrlı işlərə artıq başlayıb".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən