"TRIPP layihəsinin arxasında dünyanın bir nömrəli liderinin sözü dayanır"
ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib ki, TRIPP layihəsi Azərbaycana əlavə iqtisadi imkanlar yaradacaq.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən iqtisadçı ekspert Pərviz Heydərov bildirdi ki, ABŞ vitse-prezidentinin söylədiyi fikir heç də qeyri-adi xarakter daşımır.

"Ona görə ki, sözügedən layihə reallaşarsa, təbii ki, gerçəkləşəcək, çünki onun arxasında dünyanın bir nömrəli iqtisadiyyatına sahib ölkə və onun liderinin sözü dayanır. O, təkcə Azərbaycan üçün deyil, bütün region üçün, o cümlədən Orta Asiya ölkələri ilə Avropa arasında qarşılıqlı iqtisadi və ticari əlaqələrin daha da genişlənməsi və inkişafı üçün böyük imkanlar yaradacaq. Bu layihənin gerçəkləşməsi sırf təkcə Azərbaycanın ərazisinin əsas hissəsi ilə onun digər ərazisi olan Naxçıvan arasında əlaqənin qurulmasından ibarət sayılmır. Bu layihəyə, yəni ölkə daxilimizdə ərazimizin əsas hissəsi ilə digər ərazisi arasında əlaqənin yaranması prizmasından yanaşmaq olmaz. Bu layihədə regionun bütün ölkələrinin, hətta ətraf ölkələrin də marağı var və o reallaşdığı təqdirdə həm şimalda yerləşən ölkələr, həm cənubda, həm də Yaxın Şərq ölkələri belə istifadə imkanlarına malik olacaq. Belə bilin ki, bu layihə birdən-birə bir neçə ölkənin, həm regionumuzun, həm də ətraf regionlara aid ölkələrin bir-biri ilə əlaqələrinin yaranmasında əlavə imkanlar yaradacaq", - deyə ekspert yekunlaşdırdı.
Nuriyyə NATİQQIZI













