"ABŞ ilə münasibətlərin inkişafı digər güc mərkəzləri ilə əlaqələrə alternativ deyil, tamamlayıcı xarakter daşıyır"

 18:39 11.02.2026     550

"Prezident İlham Əliyevin ABŞ vitse-prezidenti ilə birgə verdiyi bəyanat yalnız diplomatik nəzakət çərçivəsində deyil, həm də dəyişən qlobal geosiyasi reallıqlar kontekstində qiymətləndirilməlidir. Bu bəyanat Azərbaycan-ABŞ münasibətlərinin hazırkı mərhələsini, regional təhlükəsizlik gündəliyini və postmünaqişə dövründə yaranmış yeni imkanları əks etdirən mühüm siyasi mesaj kimi çıxış edir".

Bu fikirləri Redaktor.az-a Milli Məclisin deputatı Jalə Əliyeva bildirdi.

Onun sözlərinə görə, Azərbaycan və ABŞ münasibətləri uzun illərdir enerji təhlükəsizliyi, terrorizmlə mübarizə və regional sabitlik kimi ortaq maraqlar üzərində qurulub:

"Prezident İlham Əliyevin bəyanatında bu əməkdaşlıq xəttinin davamlılığına xüsusi vurğu edilməsi göstərir ki, Bakı Vaşinqtonla münasibətləri strateji müstəvidə qoruyub saxlamaqda maraqlıdır. Xüsusilə Cənubi Qafqazın yeni siyasi arxitekturası fonunda ABŞ-nin regiona marağı artmaqdadır".

Millət vəkili qeyd etdi ki, Azərbaycanın enerji resursları və nəqliyyat-logistika imkanları Orta Dəhliz layihəsi də daxil olmaqla Qərb üçün alternativ və etibarlı tərəfdaş modelini gücləndirir:

"Prezidentin bəyanatında Azərbaycanın etibarlı tərəfdaş kimi təqdim olunması məhz bu reallığa əsaslanır.

Bəyanatın mühüm istiqamətlərindən biri də Ermənistanla sülh gündəliyidir. Azərbaycan postmünaqişə mərhələsində dayanıqlı sülh sazişinin imzalanmasını prioritet hesab edir. ABŞ isə bu prosesdə vasitəçi və ya təşviqedici rol oynamağa çalışır. Prezident İlham Əliyevin mövqeyi ondan ibarətdir ki, sülh yalnız real addımlar və konkret öhdəliklər əsasında mümkün ola bilər. Bu kontekstdə bəyanat həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış mesajdır: Azərbaycan regionda yeni qarşıdurma deyil, əməkdaşlıq mərhələsinin başlanmasını istəyir. ABŞ ilə dialoqun intensivləşməsi isə sülh gündəliyinin beynəlxalq legitimliyini gücləndirə bilər".

Deputatın sözlərinə görə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu son illərdə əhəmiyyətli dərəcədə artıb:

"ABŞ də Avroatlantik məkanın enerji şaxələndirilməsini strateji prioritet kimi müəyyənləşdirir. Prezident İlham Əliyevin bəyanatı göstərir ki, Bakı bu istiqamətdə əməkdaşlığı genişləndirməyə hazırdır. Bununla yanaşı, yaşıl enerji və bərpaolunan mənbələr sahəsində əməkdaşlıq perspektivləri də ön plana çıxır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “yaşıl enerji zonası” layihələri ABŞ şirkətləri üçün də potensial imkanlar yarada bilər".

Jalə Əliyeva əlavə etdi ki, Azərbaycan xarici siyasətində balans prinsipini qoruyur:

"ABŞ ilə münasibətlərin inkişafı digər güc mərkəzləri ilə əlaqələrə alternativ deyil, tamamlayıcı xarakter daşıyır. Prezident İlham Əliyevin bəyanatı da bu xəttin davamıdır: Bakı müstəqil siyasət yürüdür, lakin qarşılıqlı hörmət və maraqlar əsasında əməkdaşlığa açıqdır. Bu yanaşma Azərbaycanın beynəlxalq nüfuzunun artmasına xidmət edir. Ölkə artıq təkcə regional deyil, qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı kimi çıxış edir.

Prezident İlham Əliyevin ABŞ vitse-prezidentinin səfəri çərçivəsində açıqladığı bəyanat diplomatik protokol çərçivəsindən daha geniş məna daşıyır. Bu bəyanat Azərbaycan–ABŞ münasibətlərinin strateji mahiyyətini təsdiqləyir; sülh prosesinə beynəlxalq dəstəyin vacibliyini vurğulayır; enerji və nəqliyyat əməkdaşlığının yeni mərhələsinə işarə edir; Azərbaycanın müstəqil və balanslı xarici siyasət kursunu bir daha nümayiş etdirir. Bu bəyanat, Cənubi Qafqazın gələcək siyasi və iqtisadi arxitekturasında Azərbaycanın aparıcı rolunun davam edəcəyini göstərən mühüm siyasi sənəd kimi dəyərləndirilməlidir".

Xədicə BAXIŞLI 

Vumart və Güvən reklamı Vumart Güvən