"ABŞ çalışır ki, İran Çin və Rusiya ilə münasibətlərini dayandırsın, Vaşinqtonla əməkdaşlıq etsin"

 16:18 13.02.2026     425

"İranda hazırda davam edən gərginlik yalnız regional məsələlərlə izah oluna bilməz, eyni zamanda dünyada baş verən ümumi qlobal hadisələrlə də sıx bağlıdır. Bu gün Rusiya, Çin və Amerika Birləşmiş Ştatları arasında, müəyyən dərəcədə də Qərb dövlətləri, Türkiyə, Hindistan, Braziliya kimi ölkələr arasında yeni dünya düzəninin formalaşması prosesi gedir".

Bu fikirləri Redaktor.az-a İranda baş verən proseslərdən danışan politoloq Həşim Səhrablı bildirdi.

Onun sözlərinə görə, bu proses çərçivəsində hər kəs öz təsir dairəsini genişləndirmək, gücünü artırmaq və yeni güc mərkəzinə çevrilmək üçün nüfuz mübarizəsinə daxil olub:

"Bu mübarizə bəzən proksi qüvvələr vasitəsilə müxtəlif regionlarda hərbi qarşıdurmalar formasında özünü göstərir, çox zaman isə informasiya müharibəsi, texnologiya rəqabəti və xüsusilə də Donald Trampın yenidən siyasi səhnəyə qayıdışı ilə iqtisadi müharibə kontekstində davam edir. İranda baş verən hadisələr də məhz ABŞ-nin İran kimi zəngin resurslara malik ölkəni öz təsir dairəsinə salmaq siyasəti ilə bağlıdır. Bu, o demək deyil ki, İran tamamilə haqlıdır. İranın həm regional, həm də çoxtərəfli beynəlxalq münasibətlərdə ciddi mübahisəli və tənqid olunan addımları var. Terror təşkilatlarının və müxtəlif proksi qüvvələrin dəstəklənməsi kimi siyasətlər buna misal ola bilər. Eyni zamanda, bu cür alətlərdən yalnız İran deyil, digər böyük güclər də istifadə edir. Mahiyyət etibarilə, tərəflər arasında güc və təsir uğrunda mübarizə gedir. ABŞ çalışır ki, İran öz xarici siyasət kursunu dəyişsin, Çin və Rusiya ilə münasibətlərini ya tamamilə dayandırsın, ya da minimuma endirərək Vaşinqtonla əməkdaşlığı gücləndirsin. Bunun əsas səbəbi Çinin xüsusilə iqtisadi sahədə sürətli inkişafı və ABŞ üçün ciddi rəqibə çevrilməsidir. Çinin lideri Si Cinpin yuanın beynəlxalq valyuta kimi rolunun artırılması ilə bağlı çağırışlar edib ki, bu da dolların qlobal dominantlığına alternativ kimi qiymətləndirilir".

Müsahibimiz vurğuladı ki, bu kontekstdə ABŞ İranın enerji resurslarının Çin tərəfindən geniş miqyasda istifadə edilməsinin qarşısını almağa çalışır:

"Oxşar siyasət müəyyən mənada Venesuela ilə bağlı da müşahidə olunub, baxmayaraq ki, proseslər tam yekunlaşmayıb. ABŞ-nin əsas məqsədi İranda demokratik rejim qurmaqdan daha çox, İran hakimiyyətinin xarici siyasət kursunu dəyişməsinə nail olmaq və onu Vaşinqtonla əməkdaşlığa yönəltməkdir. Təzyiqlər və sanksiyalar da bu məqsədə xidmət edir. Əgər İran yaxın aylarda mövqeyini dəyişməzsə, daha sərt addımların gündəmə gəlməsi ehtimalı istisna edilmir. Belə bir şəraitdə İran müdafiə nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri diqqət çəkir. Bu səfər mətbuatda tez-tez tirajlanan “Azərbaycan İsraillə tərəfdaşdır və İrana qarşı istifadə oluna bilər” kimi iddialar fonunda qiymətləndirilə bilər. İran tərəfi bu məlumatların dezinformasiya olub-olmamasından daha çox, öz təhlükəsizlik maraqları prizmasından yanaşır. Onlar üçün əsas sual budur: Azərbaycan ərazisindən İrana qarşı hər hansı addım atıla bilərmi?

Azərbaycanın mövqeyi isə 1991-ci ildən bəri dəyişməz olaraq qalır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün dövlətlərlə münasibətlərini qarşılıqlı hörmət, əməkdaşlıq və balans prinsipi əsasında qurur. Azərbaycan nə İrana qarşı İsraillə, nə də İsrailə qarşı İranla hərbi-siyasi qarşıdurmada iştirak etməyi planlaşdırır. Eyni qaydada, ABŞ-İran qarşıdurmasında da tərəf tutmaq Azərbaycanın xarici siyasət kursuna uyğun deyil. Azərbaycanın əsas prinsipi münaqişələrdən kənarda qalmaq, balanslı siyasət yürütmək və bütün tərəflərlə bərabərhüquqlu münasibətləri qorumaqdır. Çox güman ki, bu mövqe İran tərəfinə də açıq şəkildə çatdırılıb və rəsmi Bakıdan hər hansı təhdid gözlənilməməlidir. Vasitəçilik məsələsinə gəldikdə isə mövcud İran hakimiyyətinin Azərbaycana tam etimad göstərməsi real görünmür. İranın daxili siyasi ideologiyası və regiona baxışı fonunda Azərbaycanı neytral vasitəçi kimi qəbul etməsi çətin ola bilər. Buna görə də Tehran diplomatik həll yollarını daha çox digər platformalarda axtarmağa üstünlük verə bilər. Ümumilikdə, İranda baş verən gərginlik qlobal güclər arasında davam edən strateji rəqabətin tərkib hissəsidir və bu prosesin regional ölkələrə, o cümlədən Azərbaycana təsiri diqqətlə izlənilməlidir".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən