İlham Əliyevin səfirliyimizin hədəfə alınmasından narahatlığını ifadə etməsi... - Deputatdan AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 14-də Münxendə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub.
Görüş ilə bağlı fikirlərini Redaktor.az-la bölüşən deputat Bəhruz Məhərrəmov qeyd etdi ki, müharibə şəraitini yaşayan Ukrayna bütün beynəlxalq tədbirlərə və platformalara özünün mövqeyinin möhkəmləndirilməsi imkanı kimi yanaşır və prezident Zelenski bir qayda olaraq qlobal siyasətdə güc və nüfuza, o cümlədən təsiretmə qabiliyyətinə malik liderlərlə publik görüşlərə və müzakirələrə ciddi önəm verir.

"Bu mənada hazırkı mürəkkəb geosiyasi şəraitdə Ukrayna Prezidentinin Münxendə Azərbaycan dövlətinin başçısı ilə görüşməsi şübhəsiz ki, ilk növbədə Azərbaycan dövlətinin qlobal siyasətdə artan təsir imkanlarının və ölkəmizin qlobal aktorlardan biri kimi çıxış etməsinin göstəricisi sayıla bilər. Yayılan rəsmi məlumatlarda da ifadə olunduğu kimi liderlər arasında görüş zamanı əməkdaşlığın müxtəlif istiqamətlərində, o cümlədən enerji sahəsinin genişləndirilməsində maraqlar ifadə olunub və bu istiqamətdə prespektiv müzakirə edilib. Volodimir Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi hümanitar dəstəyə, xüsusən ukraynalı uşaqlara diqqətə və qayğıya görə növbəti dəfə azərbaycanlı həmkarına təşəkkür edib və ölkəmizin bu istiqamətdə tutduğu mövqeyi yüksək qiymətləndirib. Məlumdur ki, Rusiya-Ukrayna arasında münaqişə başlayan gündən Azərbaycan beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan prinsipləri rəhbər tutulmaqla, o cümlədən dövlətlərin ərazi bütövlüyü çərçivəsində problemlərin həllinə tərəfdar olduğunu açıq şəkildə bəyan edib. Bütün hallarda zorakılığın, işğal və təcavüzün yolverilməz olduğu mövqeyini bölüşüb. Ukrayna tərəfi Azərbaycanın bu prinsipial mövqeyinə görə də dəfələrlə Azərbaycana öz təşəkkürü çatdırıb. Azərbaycan bu gün də o qənaətdədir ki, Rusiya ilə Ukrayna arasında davam edən münaqişə beynəlxalq hüququn ümumtanınmış normaları və ümumbəşəri dəyərləri rəhbər tutulmaqla dərhal sona çatmalıdır. Məlumdur ki, münaqişənin gedişindən zərər çəkən ölkələrdən biri də Azərbaycandır, elə Münxen Təhlükəsizlik Konfransında panel müzakirələrdə dövlət başçımızın da Azərbaycana məxsus obyektlərin, o cümlədən səfirliyimizin hədəfə alınmasından narahatlığını ifadə etməsi məhz bu proseslərə verilən reaksiya idi", - deyə o yekunlaşdırdı.
Nuriyyə NATİQQIZI













