“Avropanın bu dövləti ilə münasibətlərin dostluq müstəvisinə daşınması diplomatiyamızın uğurudur"
"Pis hava şəraitinə baxmayaraq, biz bu hadisəni özümüz üçün mümkün olan ən yaxşı şəkildə qəbul edəcəyik və həm Serbiyanın, həm də Azərbaycanın qarşısında necə parlaq gələcəyin olduğunu görəcəyik".
Bunu Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç mətbuata bəyanatla çıxışında deyib.
Vuçiçin açıqlamasında müşahidə olunan müsbət mesajlar regional geosiyasi balans baxımından hansı siqnalları verir?
Mövzu ilə bağlı Redaktor.az-a danışan millət vəkili Fazil Mustafa bildirdi ki, Serbiya ilə bizim aramızda çox yaxşı münasibətlər var:
"Bu münasibətlərin də inkişafı hamı tərəfindən bəzən də qəribə görünür. Amma bu, Azərbaycanın həm də diplomatiyasının uğurudur ki, Serbiya kimi Avropanın mərkəzində olan güclü bir dövlətlə münasibətləri bu səviyyədə, əməkdaşlıq və dostluq müstəvisinə daşıya bilib".
Deputat əlavə etdi ki, Serbiya Prezidentinin də Azərbaycana münasibəti müsbətdir:
"Bir çox proseslərdə bir yerdə Azərbaycanla əməkdaşlıq şəraitində həll eləməyə çalışırlar. Ona görə də hər iki dövlətin də müəyyən tərəqqisini təmin eləmək üçün birlikdə müəyyən layihələrin həyata keçirilməsinə çalışıldığını da görürük. Ona görə də həm Azərbaycan Prezidenti, həm Serbiya Prezidenti bu məsuliyyətli tarixi dövrdə iki ölkə arasında münasibətlərin inkişafı üçün kifayət qədər ciddi addımlar atmaqdadırlar".
Xədicə BAXIŞLI













