Strateji mesajın verildiyi Münxen görüşü - ŞƏRH
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 14-də Münxendə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub.
Dövlət başçılarının görüşünü Azərbaycan–Ukrayna münasibətlərinin inkişafı baxımından necə qiymətləndirmək olar?
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Tural İsmayılov vurğuladı ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında Münxendə baş tutan görüş sırf protokol xarakterli olmayıb, əksinə, strateji mesaj daşıyıb.
"Münxen Təhlükəsizlik Konfransı kimi nüfuzlu platformada keçirilən ikitərəfli görüş, Azərbaycan–Ukrayna münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Birincisi, bu görüş enerji və nəqliyyat əməkdaşlığının dərinləşdirilməsi baxımından önəmlidir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm oyunçuya çevrilib, Ukrayna isə öz enerji müstəqilliyini gücləndirmək üçün alternativ mənbələrə ehtiyac duyur. Bu baxımdan Bakı–Kiyev xətti həm ikitərəfli, həm də Avropa miqyasında strateji əhəmiyyət kəsb edir.
İkincisi, görüş humanitar və siyasi dəstək aspektində diqqət çəkir. Azərbaycan Ukraynaya müharibə dövründə yardım göstərən ölkələrdən biridir. Bu, Azərbaycanın beynəlxalq arenada balanslı siyasət yürütməklə yanaşı, humanitar diplomatiyanı da ön plana çıxardığını sübut edir. Zelenskinin bu yardımı xüsusi qeyd etməsi, münasibətlərin insani ölçüsünü gücləndirir".
.jpg)
Siyasi şərhçi əlavə etdi ki, görüşün geosiyasi mesajı var:
"Azərbaycan postsovet məkanında müstəqil siyasət yürüdən, balanslı diplomatiya aparan ölkədir. Ukrayna ilə yaxınlaşma, Azərbaycanın Qərb platformalarında mövqeyini gücləndirir, həm də Moskva ilə münasibətlərində incə balansı qorumaq bacarığını nümayiş etdirir.
Dördüncüsü, görüşün regional nəticələri var. Azərbaycan Qafqazda, Ukrayna isə Şərqi Avropada yerləşən iki mühüm aktordur. Onların əməkdaşlığı, xüsusən enerji, nəqliyyat və təhlükəsizlik sahələrində, regionlararası körpü rolunu gücləndirir. Bu, həm də Avropa İttifaqı üçün alternativ marşrutların açılması deməkdir. Nəticə etibarilə, İlham Əliyevlə Zelenski görüşü Azərbaycan–Ukrayna münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək üçün siyasi iradənin nümayişi kimi dəyərləndirilə bilər".
Müsahibimizin fikrincə, Münxendəki dialoq hər iki ölkənin beynəlxalq mövqelərini gücləndirməklə yanaşı, qarşılıqlı etimadın artmasına xidmət edir:
"Bu görüşün samballı tərəfi odur ki, o, sadəcə ikitərəfli münasibətlərin deyil, həm də regional və qlobal siyasətin mühüm parçasına çevrilir".
Xədicə BAXIŞLI













