"Təxribatlarda məqsəd Azərbaycan haqqında beynəlxalq birlikdə mənfi fikir yaratmaqdır" - Aydın Mirzəzadə
Vaşinqtonda yaşayan bir neçə anti-azərbaycanlı aqressiv və təhrikedici formada Prezident İlham Əliyevin qaldığı hotelə daxil olmaq istəyib. Azərbaycan Prezidentinin təhlükəsizlik xidmətinin əməkdaşları ABŞ polisi ilə birlikdə operativ şəkildə müdaxilə edərək həmin şəxsləri peşəkarlıqla zərərsizləşdiriblər və təxribat cəhdinin qarşısını alıblar.
Redaktor.az-a açıqlama verən Milli Məclisin deputatı Aydın Mirzəzadə qeyd etdi ki, Azərbaycanı sevməyən, Azərbaycanın zəifləməsi üçün məqsədyönlü iş aparan xaricdə xeyli sayda anti-Azərbaycan mərkəzləri var:
"Onların bir hissəsi sosial şəbəkələr vasitəsilə Azərbaycana qarşı tərbiyəsiz təbliğat aparan bir qrupu formalaşdırır, digəri isə vaxtaşırı Azərbaycan rəsmilərinin xarici səfəri zamanı onlara qarşı təxribatlar törətmək üçün qruplar formalaşdırır və s. Edilən təxribatlarda da məqsəd birdir: Azərbaycanı zəiflətmək, Azərbaycan haqqında beynəlxalq birlikdə mənfi fikir yaratmaqdır. Ancaq bu, onlarda alınmayacaq. Onların göstərdikləri fəaliyyət, xərclədikləri vəsait boş-boşuna gedəcək. Azərbaycan özünü qorumağı bacarır, Azərbaycan öz sözünü deməyi bacarır və bizim gücümüz xalqla iqtidarın bir yerdə olmasındadır".
Aytəkin TOFİQQIZI













