"İlham Əliyevə qarşı atılan hər bir təxribatçı addım, əslində, dövlətə hörmətsizlikdir" - Azər Badamov
"ABŞ səfərində olan cənab İlham Əliyevə qarşı təxribat törətməyə cəhd edən bir qrup vətən xaininin hərəkətlərinin qarşısı BMT-nin təhlükəsizlik xidməti əməkdaşları və ABŞ polisi tərəfindən vaxtında müdaxilə edilərək peşəkarlıqla alınıb. Bu hadisə dövlət rəhbərinin təhlükəsizliyinin təmin olunması istiqamətində atılan addımların əhəmiyyətini bir daha nümayiş etdirdi".
Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Azər Badamov bildirdi.
O əlavə etdi ki, dövlət başçısı xarici səfərdə olarkən şəxsi kimliyi ilə deyil, dövlətin iradəsini simvolizə edən şəxs kimi çıxış edir:
"O, bayrağımızı və dövlətimizi təmsil edir. Ona qarşı atılan hər bir təxribatçı addım, əslində, onun təmsil etdiyi xalqa və dövlətə qarşı yönəlmiş hörmətsizlikdir. Çünki dövlət başçısı xarici səfərdə təkcə bir şəxs deyil, xalqın iradəsini və dövlətin suverenliyini təmsil edən ali rəmzdir. Ona qarşı edilən hər hansı qeyri-etik hərəkət Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmaq cəhdidir. Bu gün Azərbaycan dövlət başçısının yürütdüyü müstəqil siyasət, regionda yeni reallıqların yaranması, ölkəmizin beynəlxalq nüfuz sahibi olması, Vaşinqtonda və digər beynəlxalq platformalarda hörmətlə qarşılanması, söz sahibi olan lider kimi qəbul edilməsi bəzi qüvvələri narahat edir. Bu tip addımları atanlar özləri də bilirlər ki, onların bu cəhdləri heç bir nəticə verməyəcək".
Nuriyyə NATİQQIZI













