"Fərzanə Sadiqinin Azərbaycana gəlişi ümumi işin xeyrinədir" - AÇIQLAMA

 16:42 23.02.2026     515

Prezident İlham Əliyev fevralın 23-də İranın yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

İranlı nazirin səfəri ilə bağlı Redaktor.az-a danışan politoloq Akif Nağı bildirdi ki, Fərzanə Sadiqinin səfərləri davamlı şəkildə həyata keçirilir. Onun sözlərinə görə, bu, əsasən kommunikasiya xətti ilə, şərti olaraq Araz dəhlizi dediyimiz istiqamətlə bağlıdır:

"Ötən dəfəki son səfərində də həmin istiqamətdə müəyyən razılaşmalar əldə olunmuşdu; vaxt və müddətlə bağlı məsələlər razılaşdırılmışdı. O istiqamətdə işlər gedir. İran tərəfinin dediyinə görə, artıq hazırdır və istifadəyə verilə bilər. Mətbuatda gedən məlumatlara görə, İran tərəfində artıq müəyyən gömrük binalarının, inzibati binaların və sair obyektlərin tikintisinə başlanılıb. Bizim tərəfdən də işlər orada demək olar ki, başa çatdırılıb. Ola bilsin ki, açılışla bağlı müəyyən razılaşmalar olsun. Yəni Azərbaycan Prezidenti onu qəbul edirsə, deməli, İran Prezidenti ilə bağlı hansısa söz də çatdırılıb və ismarıcın çatdırılması üçün bu görüş qəbul edilib. Müəyyən məsələləri yəqin ki, artıq dəqiqləşdirmək lazımdır. Yəni o istiqamətdə Araz dəhlizinin açılması ilə bağlı yekun tədbirlərdir, belə başa düşmək olar. Azərbaycan tərəfindən də həmin iş artıq gəlib Ağbənd məntəqəsinə çatıb".

Müsahibimiz vurğuladı ki, Ağbənd məntəqəsindən yol iki yerə ayrılacaq:

"Bir hissəsi Zəngəzur dəhlizi ilə Naxçıvana gedəcək, oradan da Türkiyə və Avropaya çıxacaq. Digər istiqamət isə İrana keçəcək. Bu yolun böyük əhəmiyyəti var. İrana keçən yol şaxəli yoldur. Əsas məsələ də odur ki, İran körfəzindən, Fars körfəzindən keçməklə ərəb ölkələri və onlara yaxın ərazilərlə ciddi münasibətlərin və əlaqələrin qurulmasına təkan verəcək. Yəni bu istiqamətdə, yəqin ki, işlər davam edəcək. Münasibətlər hər halda pis deyil, iqtisadi müstəvidə inkişaf edir. Siyasi məsələlər də var, İranla bağlı gərginlik də mövcuddur, Amerika-İran münasibətlərində hərbi əməliyyatların başlanması təhlükəsi də var. Yəni bununla bağlı da, yəqin ki, Azərbaycanla müəyyən məsləhətləşmələr olur. Bütövlükdə Azərbaycanın mövqeyi obyektiv mövqedir; İranla münasibətlərini saxlayır, iqtisadi əlaqələr genişlənir.

Xüsusilə də İranın Prezidenti Pezeşkianla xüsusi, səmimi münasibətlər formalaşıb. Hesab edirəm ki, bu səfərlər Azərbaycan-İran münasibətlərinin yeni bir səviyyəyə, yeni keyfiyyət mərhələsinə qalxması üçün təkan ola bilər. Xanım Sadiqi bu səfərləri davamlı şəkildə həyata keçirir, artıq proseslərin və məsələlərin içərisindədir. Yəni onun davamlı şəkildə gəlməsi, hesab edirəm ki, ümumi işin xeyrinədir. Bir də var ki, hər dəfə yeni bir şəxs gəlsin və hər şeyi yenidən öyrənsin, bu xanım isə artıq proseslərin içindədir və məsələləri bilir. Ona görə də onun gedib-gəlməsinin, hesab edirəm ki, müsbət təsiri olacaq. Bütövlükdə münasibətlər yaxşı istiqamətdə inkişaf edir. Problemlər olmuşdu, onlar tədricən yoluna qoyulur. İndi İranda hansı proseslərin gedəcəyi, siyasi baxımdan hansı dəyişikliklərin olacağı təbiidir ki, Azərbaycan tərəfindən diqqətlə izlənilir və uyğun mövqe tutulacaq. Amma hələlik İranla normal və bir müddət əvvəl başlanmış iqtisadi və siyasi münasibətlər davam etdirilir".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən