"Prezidentin Xocalıya səfəri beynəlxalq ictimaiyyətə də ünvanlanan bir mesajdır" - Fariz İsmayılzadə
"Xocalı soyqırımı günündə İlham Əliyevin məhz həmin bölgədə olması xüsusi və dərin simvolik məna daşıyır. Dövlət başçısının bu faciəli tarixdə Xocalıda olması, əhali ilə bir araya gəlməsi, həm abidənin açılışında iştirakı, həm də vətəndaşlara mənəvi dəstək nümayiş etdirməsi təsadüfi deyil. Bu, həm şəhidlərin xatirəsinə ehtiramın ifadəsidir, həm də xalqla həmrəyliyin açıq şəkildə göstərilməsidir".
Bunu Redaktor.az-a Milli Məclisin deputatı Fariz İsmayılzadə Prezident İlham Əliyevin Xocalıya səfərindən danışarkən bildirdi.
"Eyni zamanda vurğulamaq lazımdır ki, prezident ümumilikdə Qarabağ bölgəsinə mütəmadi səfərlər edir. O, keçmiş məcburi köçkünlərlə görüşməyə, onların yaşayış şəraiti ilə yerində tanış olmağa, müxtəlif əlamətdar və simvolik tarixləri məhz onlarla birlikdə qeyd etməyə xüsusi önəm verir. Bu yanaşma dövlət başçısının Qarabağa və oraya qayıdan insanlara olan diqqət və qayğısının sistemli xarakter daşıdığını göstərir", - deyə o vurğuladı.
Deputat əlavə etdi ki, bugünkü gün beynəlxalq ictimaiyyətə də ünvanlanan bir mesajdır:
"Azərbaycan bu torpaqlarda həyatın bərpasını təmin edir, mühüm tarixi günləri məhz öz ərazisində, öz insanları ilə birlikdə qeyd edir və bölgənin dirçəldilməsi prosesini ardıcıl şəkildə davam etdirir".
Xədicə BAXIŞLI













