"Azərbaycan münaqişədən sonrakı ölkələr arasında ərazi bütövlüyünü bərpa edən ilk dövlətdir"

 11:14 27.02.2026     359

"Yeni dövlət forması ilə bağlı olaraq və müasir yanaşmalara gəldikdə, Azərbaycan MDB məkanında, münaqişədən sonrakı ölkələr arasında ərazi bütövlüyünü bərpa edən ilk dövlətdir. Milli dövlət quruculuğu məsələsində regionda siyasi sabitliyi qoruyub saxlayaraq, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirməklə yanaşı, eyni zamanda ölkəmizi regional qüvvəyə çevirdi. Cənab Prezidentin Xocalı Soyqırımı Memorial abidəsini ziyarəti zamanı çıxışında qeyd etdiyi uğurlar, eyni zamanda Azərbaycanın iqtisadi sferada əldə etdiyi irəliləyişlərdə də özünü göstərir".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Vüqar Bayramov bildirdi.

Deputat əlavə etdi ki, İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan iqtisadi sahədə siyasi sabitliyi təmin edib:

"Eyni zamanda, bu dövrdə Azərbaycanın valyuta ehtiyatlarında artım müşahidə olunub. Belə ki, 2003-cü ildə Azərbaycanın valyuta ehtiyatları 2 milyard dollar idisə, artıq bu rəqəm 85 milyard dollara çatıb. Bunu nəzərə alsaq, bir tərəfdən Azərbaycanın əldə etdiyi zəfər, regionda formalaşan gücü və təhlükəsizliyimizin daha da möhkəmlənməsi fonunda, digər tərəfdən iqtisadi sahələrin dərinləşməsi və valyuta ehtiyatlarımızın artması Azərbaycan iqtisadiyyatı üçün təhlükəsizlik amilinin daha da güclənməsini şərtləndirir.

Eləcə də, cənab Prezidentin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurun intensiv şəkildə bərpası, yenidən qurulması və məskunlaşdırılması prosesi müşahidə olunur. Böyük Qayıdışdan sonra Qarabağ və Şərqi Zəngəzurda 28 min 697 nəfər məskunlaşıb, - söhbət keçmiş məcburi köçkünlərdən gedir - bu o deməkdir ki, həmin müddətdə 7 min 154 ailə öz evinə qayıdıb. Həmçinin 2026-cı ilin yanvar ayından sonra ötən müddətdə, yəni fevral ayına qədər Qarabağ və Şərqi Zəngəzurda keçmiş məcburi köçkünlərə 2863 mənzil təqdim edilib. Bunu ona görə qeyd edirəm ki, bir tərəfdən Azərbaycan iqtisadiyyatının güclənməsi, digər tərəfdən Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması, dövlət büdcəsi hesabına mənzillərin tikilərək keçmiş məcburi köçkünlərə təqdim olunması praktik olaraq həmin ərazilərin intensiv şəkildə məskunlaşmasına gətirib çıxarır. Bu faktlar əsasında xüsusilə diqqət yetirmək lazımdır ki, yalnız bu il ərzində keçmiş məcburi köçkünlər üçün 646 ev dövlət büdcəsi hesabına tikilərək təqdim olunub. Bu isə, təbii ki, Azərbaycanın gücünü və eyni zamanda bu sahədə siyasi iradəsini bir daha əks etdirir".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən