"Proseslər çox gərgin bir xətt üzrə inkişaf edir" - Politoloqdan ŞƏRH
"Proseslər həqiqətən də çox gərgin bir xətt üzrə inkişaf edir və burada mən deyərdim ki, faktiki olaraq İran bu dəfə geri çəkilməyəcək. Yəni İran anlayır ki, onu uzun müddət ərzində aldadırdılar, danışıqlar pərdəsi altında müharibə planı artıq genişlənir və zənginləşdirilirdi. Ona görə də hesab edirəm ki, bu dəfə İran geri çəkilməyəcək. Xüsusilə də İranın son məqamda uduzma ehtimalı minimumdur, amma Amerika ilə İsrailin uduzma ehtimalları getdikcə artacaq".
Bu fikirləri Redaktor.az-a İsrail-ABŞ və İran arasında gedən hazırkı müharibə haqqında danışan politoloq Tofiq Abbasov bildirdi.
Onun sözlərinə görə, İsrail və ABŞ İrana qarşı öz taktikasını həyata keçirsələr, - məsələn, İranın bir vurduğu zərbəyə iki-üç raket buraxırlar, - onların raket potensialı, müdafiə potensialı tezliklə tükənəcək:
"Mən elə başa düşürəm ki, bir həftə, ən uzağı on gün ərzində artıq anlayacaqlar ki, çox böyük strateji səhvə yol verdilər. Çünki İran bu dəfə hazırlıqlıdır və Qərb mətbuatının, Qərb təbliğat maşınının yaydığı “biz on iki günlük müharibədə İranın potensialını məhv etdik, onlar hələ özlərinə gələ bilmirlər” kimi fikirlər cəfəng və yalandır. Onlar özlərini aldadırlar. Xarici ictimai qüvvələri də aldadır, ictimai fikri yanlış məcraya yönəldirlər, amma bunun o qədər də böyük uğuru olmayacaq. Çünki onlar özlərini aldatmış olurlar və digər tərəfdən də görəcəklər ki, həm problematik situasiya yaratdılar, həm də İran görsə ki, üstünlük ona keçir və bu mütləq olacaq, dayanmayacaq. İran artıq onları sona qədər vuracaq, xüsusilə də İsraili. Burada ən böyük strateji səhv ondan ibarətdir ki, Donald Tramp İsrailin təsiri ilə Xameneinin ofisinə hücum etdi. Məsələ burasındadır ki, əgər Xamenei təxliyə olunmağa razılıq versəydi, onu öldürə bilməyəcəkdilər. Amma Xamenei şərəfli ölümü seçdi. Çünki o, İslam lideridir, səkkiz il müharibədə iştirak edib, yaralanıb, sonra ona sui-qəsdlər olub və sair. Buna baxmayaraq, o, 86 yaşında sakit axarla gedən bir ölüm istəmirdi. Ramazan ayında onun üçün şəhadət ən böyük şərəf idi və o buna nail oldu. Amma burada böyük bir problem var və bu problem də Amerika ilə İsrailin özü üçün yaranır. Çünki Xamenei mötədil xəttin tərəfdarı idi, sağında və solunda olan radikal qüvvələri müəyyən mənada ram edə bilirdi. O, həmişə danışıqlara üstünlük verirdi ki, diplomatiya vasitəsilə problemlər müharibə həddinə çatmasın".
Müsahibimiz bildirdi ki, İran birinci dəfə idi aldandı:
"Xamenei başda olmaqla gördülər ki, danışıqlar gedə-gedə Amerika və İsrail təxribat edib gözlənilməyən bir istiqamətdən zərbə endirdi. Digər tərəfdən, Qətərdə danışıqlar gedə-gedə HƏMAS-ın fəallarına və nümayəndələrinə havadan hücum oldu, İsrail yenə də hiylə işlətdi. Bütün bunlar bir daha göstərdi ki, bu iki oyunçu ilə danışıqlarda irəliləyiş əldə etmək mümkünsüzdür. Ona görə də nə etmək lazımdır? Öz gücünə güvənmək lazımdır. Mən elə başa düşürəm ki, Xameneini aradan qaldırmaqla onlar öz işlərini daha da çətinləşdirdilər. İndi hakimiyyətdə olanlar, mən deyərdim ki, son dərəcə qətiyyətli, barışmaz və öz güclərini düzgün hesablaya bilən nümayəndələrdir. Onlar bu dəfə güzəştə getməyəcəklər. İndi bir az vaxt keçsin, üç-dörd gün sonra İsrailin və ABŞ-nin ön xətdə olan qüvvələrinin potensialı, xüsusilə raket potensialı tükəndikcə, İran zərbələrini artıracaq və hələ istifadə etmədiyi ən müasir silahlarından, o cümlədən raketlərindən istifadə edəcək. Bunu gözləmək lazımdır. Elə başa düşürəm ki, bu prosesdə ABŞ xüsusilə strateji səhvə yol verdi və bu, çox bağışlanmaz bir səhv olacaq".
Nuriyyə NATİQQIZI













