Yaxın Şərqdə münaqişə domino effekti ilə qlobal müharibəyə sürüklənir - Deputatdan geosiyasi TƏHLİL
"Son baş verən hadisələr həqiqətən də münaqişənin artıq domino effekti ilə genişləndiyini göstərir. Hadisələr sürətlə inkişaf edir. Artıq bu, təkcə İsrail-İran qarşıdurması və ABŞ-nin İrana hücumu ilə kifayətlənmir. Körfəz ölkələrinə də zərbələr endirilir. Həmin ölkələr İrana qarşı koalisiya yaratdıqlarını bəyan edirlər və həqiqətən də vəziyyət sanki nəzarətdən çıxmaq istiqamətində inkişaf edir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev hazırda İran ətrafında baş verən müharibədən danışarkən bildirdi.
Onun fikrincə, belə bir vəziyyət çox təhlükəlidir:
"Vəziyyətin daha da eskalasiyaya getməsi, gərginləşməsi və daha çox ölkənin bu müharibə burulğanına cəlb edilməsi ilə qlobal müharibə təhlükəsinin artması riski böyükdür. Çünki hazırda İran tərəfi də bəyan edib ki, danışıqlar olmayacaq. İranın yeni rəhbərliyi Əli Laricani qeyd edib ki, Amerika ilə artıq danışıqlar aparılmayacaq. İran Xarici İşlər Nazirliyi də bildirib ki, mərkəzsizləşdirilmiş idarəetmə sisteminə keçirlər. Yəni artıq yerində komandalar və məsul şəxslər hərbi və digər məsələlərlə bağlı qərarları özləri verəcəklər. Belə bir vəziyyətdə artıq təhlükəli bir həddin astanasına gəlib çatırıq. Ona görə də hadisələrin bu cür inkişafı çox ağır nəticələrə gətirib çıxara bilər. Xüsusilə nəzərə alsaq ki, biz Cənubi Qafqazda Azərbaycan olaraq sülh gündəmini irəli sürən, ona töhfə verən və regionu əməkdaşlıq platformasına çevirdiyimiz bir dövrdə belə bir müharibənin regionumuza yaxın ərazilərdə başlaması və qlobal müharibəyə çevrilməsi riski məyusedicidir".
Müsahibimiz qeyd etdi ki, bu məsələlərin vaxtında dayandırılması və tərəflərin deeskalasiyaya getməsi getdikcə çətinləşir:
"Çünki hərbi zərbələrin vurulması, hərbi və maddi-energetika infrastrukturunun dağıdılması müharibəni elə bir eskalasiya mərhələsinə aparır ki, artıq geriyə addım atmaq üçün yer qalmır. Şahmat termini ilə desək, suqsvanq (zugzwang) vəziyyəti yaranır və burada hər atılan addım məğlubiyyətə doğru atılan addımdır, geri çəkilmək imkanı isə yoxdur. Beləliklə, bu qarşıdurma tərəflər arasında strateji düşmənçiliyin dərinləşməsinə və diplomatik-siyasi həll imkanlarının tükənməsinə gətirib çıxarır. Hər keçən gün, hər keçən saat, hər vurulan zərbə neft və enerji infrastrukturunun dağıdılması xüsusilə Qərb üçün həssas olan obyektlərin məhv edilməsi danışıqlar masasında yer qoymur. Danışıqlar sanki əvvəlcədən masa üzərində qalmışdı və müharibə qərarı artıq verilmişdi".
Tural Gəncəliyev yekunlaşdıraraq bildirdi ki, bu münaqişənin qlobal müharibəyə çevrilməsi riski daha da artır.
Xədicə BAXIŞLI













