Deputat parlamentdə əlillik təyinatı üzrə narazılıqlardan DANIŞDI

 11:55 03.03.2026     405

"Sosial ədalət prinsipinin mühüm göstəricilərindən biri də əlilliyin təyin olunması qaydalarının təkmilləşdirilməsidir. Bu məsələ yalnız sosial təminat məsələsi deyil, həm də insan ləyaqəti, bərabər imkanlar və inklüziv cəmiyyət anlayışı ilə birbaşa bağlıdır".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Rəşad Mahmudov bildirdi.

O qeyd etdi ki, son illərdə bu sahədə çox ciddi və sistemli islahatlar həyata keçirilib:

"Mərkəzləşdirilmiş qiymətləndirmə mexanizmlərinin tətbiqi və rəqəmsal texnologiyaların genişləndirilməsi nəticəsində uzun illər mövcud olmuş sui-istifadə və korrupsiya halları əhəmiyyətli dərəcədə aradan qaldırılıb. Şəffaflıq təmin olunub, əlilliyin təyin edilməsi prosesi əsaslı şəkildə qurulub, qərarların obyektivliyi və izlənilə bilməsi təmin edilib. Bu, həm dövlət büdcəsinin qorunması, həm də sosial ədalətin təmin olunması baxımından mühüm addımdır. Lakin praktiki müstəvidə icra zamanı yaşanan bəzi çətinlikləri də qeyd etməliyəm. Bu gün vətəndaşların ən çox narazı qaldığı məqamlardan biri imtina cavablarının yararsız və ümumi formada təqdim edilməsidir. Proses belədir ki, tibbi vəziyyət barədə məlumatlar elektron formada doldurulur və mərkəzləşdirilmiş sistemə göndərilir. Əgər əlillik təyin olunmursa, çox zaman vətəndaşa uyğunluğun olmadığı bildirilir və əlavə olaraq elektron sistemdə “natamam doldurulma” kimi ümumi bir ifadə göstərilir. Yəni “təqdim olunan məlumatlara əsasən sizə əlillik təyin edilmir” məzmununda standart cavab verilir.

Əslində tərəflərin hər biri öz mövqeyindən haqlı olduğunu bildirir. Sosial ekspertiza qurumu deyir ki, mövcud meyarlara əsasən əlillik üçün əsas yoxdur. Tibbi tərəf isə sənədlərin tam və düzgün doldurulduğunu qeyd edir. Nəticədə vətəndaş sistemdə “natamam doldurulma” ifadəsini gördükdə məsuliyyəti həkimin və ya tibb müəssisəsinin üzərinə yönəldir, sanki əlillik statusunun verilməsinə məhz onlar mane olub. Halbuki əlilliyin təyin olunma meyarları kifayət qədər mürəkkəbləşib və bir çox hallarda qərar tibbi subyektiv qiymətləndirmədən deyil, konkret normativ meyarlardan asılı olur. Burada problem meyarların zəifliyində deyil, imtina cavablarının kommunikasiya formasındadır. Əgər qərar meyar çatışmazlığına görə verilmirsə, bu açıq və konkret şəkildə bildirilməli, hansı meyarların ödənilmədiyi aydın şəkildə göstərilməlidir. Əgər tibbi sənəd çatışmazlığı varsa, bu ayrıca qeyd olunmalı, meyar çatışmazlığı ilə qarışdırılmamalıdır. “Natamam doldurulma” kimi ümumi ifadələr isə sistem daxilində məsuliyyətin bir tərəfdən digər tərəfə ötürülməsinə və sosial gərginliyə səbəb olur.

Çıxış yolu olaraq təklifimiz ondan ibarətdir ki, əlillik təyinatı üzrə imtina cavabları vətəndaşa qərarın mahiyyəti barədə daha aydın və əsaslandırılmış şəkildə təqdim olunmalıdır. Xüsusilə tibbi sənədlərin yararsızlığı və ya çatışmazlığı hallarında hazırkı ümumi bildiriş formatı əvəzinə, elektron sistem üzərindən izahlı rəy verilməlidir. Bununla yanaşı, səhiyyə qurumları ilə sosial ekspertiza orqanları arasında metodoloji koordinasiyanın daha da gücləndirilməsi vacibdir. Bu yanaşma həm vətəndaş məmnuniyyətini artırar, həm də sosial ədalət prinsipinin daha effektiv həyata keçirilməsinə xidmət edər".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən