NATO Türkiyəyə yönələn raketi havada zərərsizləşdirdi – Politoloqdan AÇIQLAMA

 19:25 04.03.2026     406

"Türkiyənin Hatay şəhərinə doğru İrandan atıldığı, İraq və Suriya hava məkanını keçərək Türkiyə hava sahəsinə yönəldiyi təsbit edilən ballistik raket sistemi, Şərqi Aralıq dənizində dislokasiya olunmuş NATO hava və raketdən müdafiə elementləri tərəfindən havada məhv edilərək zərərsizləşdirilib və qalıqlarının Hatayın Dörtyol rayonu yaxınlığına düşdüyü müəyyən edilib. Bu barədə Milli Müdafiə Nazirliyi və Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən verilən açıqlamalarda, Türkiyənin öz ərazilərinə qarşı yönələcək hər hansı hücumu dəf etməyə hazır olduğu rəsmi şəkildə bəyan edib".

Bunu Redaktor.az-a türkiyəli politoloq İsmail Cingöz İrandan atılan ballistik raketin Türkiyə səmasında vurulmasından danışarkən bildirdi.  

Onun sözlərinə görə, Türkiyənin hava hücumundan müdafiə sistemləri, ordusu və Hərbi Hava Qüvvələri mühüm gücə malikdir:

"Bununla yanaşı, 2025-ci ildən etibarən Türkiyə “Polad Qübbə” sistemlərini yerli və milli proqram təminatı əsasında, yerli istehsal imkanları ilə ASELSAN-ın rəhbərliyi altında inkişaf etdirərək hava məkanını alçaq və yüksək hündürlüklərdə, “Göy Vətən” konsepsiyası çərçivəsində qorumağa başlayıb. Bu sistem hər keçən gün daha da təkmilləşdirilir və Türkiyənin müdafiə qabiliyyəti artır. Eyni zamanda, Türkiyə müdafiə sənayesində 83 faizə çatan özünütəminetmə səviyyəsinə yüksəlib və dünyanın təxminən 180 ölkəsinə silah ixrac edən bir mövqeyə gəlib çatıb".

Politoloq əlavə etdi ki, Türkiyə bu sahədə gücünü artırmaqla həm dostlarına güvən, həm də düşmənlərinə çəkindirici mesaj verir.

"İran və ABŞ arasında yaşanan gərginliyin ilk anlarından etibarən Türkiyə diplomatik təşəbbüslərlə çıxış edib, qarşıdurmanın qarşısını almaq üçün intensiv fəaliyyət göstərib. Türkiyə, tələb olunacağı təqdirdə vasitəçi ola biləcəyini həm xarici işlər naziri Hakan Fidan, həm də Prezident Rəcəb Tayyib Ərdoğan vasitəsilə İran tərəfinə dəfələrlə çatdırıb. Qarşıdurma başlamazdan əvvəl İranın xarici işlər naziri Ankaraya səfər edərək Prezident Ərdoğan və Hakan Fidanla görüşüb. Türkiyənin vasitəçiliyi gündəmdə olduğu bir vaxtda İranın tələbi ilə danışıqların Omanda keçirilməsi qərara alınıb, daha sonra proses Cenevrə görüşləri ilə davam edib. Görüşlərdən konkret nəticə əldə edilməsə də, danışıqlar davam edərkən İsrail və ABŞ-nin İrana qarşı hücumlara başlaması vəziyyəti daha da gərginləşdirib. Hücumların ilk saatlarında İranın dini lideri Ayətullah Əli Xameneinin və ailəsinin həlak olması ilə bağlı məlumatlar yayılıb, sonradan bu xəbərlər təsdiqlənib".

Müsahibimizin sözlərinə görə, Türkiyə münaqişənin genişlənməməsi və region ölkələrinə yayılmaması üçün diplomatik fəaliyyətlərini davam etdirərkən, İran tərəfindən atılan raketin Türkiyə hava sahəsinə daxil olması və NATO hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilərək nəzarətli şəkildə yerə endirilməsi qəbuledilməz hadisə kimi qiymətləndirilir:

"Türkiyə istər təsadüfi, istərsə də qəsdən olsun, hava məkanına və ərazilərinə yönələcək hər hansı təhdidə eyni şəkildə cavab veriləcəyini bəyan edib. Bu günlərdə həm İran, həm də İsrail tərəfindən Türkiyənin münaqişəyə cəlb olunması ehtimalı ilə bağlı suallar da gündəmə gəlir. Ayətullah Əli Xameneinin öldürülməsi və komanda heyətində ciddi itkilərin yaşanması fonunda İranda nəzarətsiz və özbaşına hərbi qrupların fəaliyyət ehtimalı müzakirə olunur. Digər tərəfdən, İsrailin əvvəlki dövrlərdə Türkiyəyə münasibəti nəzərə alınaraq, Ankaranın münaqişəyə daxil edilməsinin istənilib-istənilmədiyi barədə suallar səsləndirilir. Bütün bu ehtimallar fonunda Türkiyə dövlət rəhbərliyi prosesi yaxından izləyir və ölkəni mümkün qədər qarşıdurmadan uzaq tutmağa çalışır. Ankara münaqişənin tezliklə dayandırılması və diplomatik yollarla həll olunması üçün səylərini davam etdirir.

Eyni zamanda vurğulanır ki, İran Türkiyə üçün diqqətlə izlənilməli bir ölkədir. Qəznəvilər dövründən 1925-ci ilə qədər uzun müddət türk mənşəli dövlətlər tərəfindən idarə olunmuş bu coğrafiya ilə tarixi bağlar mövcuddur. 1925-ci ildə Qacar xanədanının devrilərək Pəhləvi hakimiyyətinin qurulması ilə yeni mərhələ başlanıb. Bu gün İranda əhalinin təxminən 45-50 faizinin türk mənşəli olduğu qeyd olunur və sərhədin o tayında qohumluq və tarixi bağlar mövcuddur".

İsmail Cingözün fikrincə, münaqişənin dərinləşəcəyi və mülki əhaliyə qarşı intensiv hücumların artacağı təqdirdə Türkiyə və Azərbaycana doğru kütləvi miqrasiyanın mümkünlüyü də mövcuddur:

"Türkiyə bu ehtimala qarşı hazırlıqlı olduğunu açıqlayıb. Əsas məqsəd insanların öz torpaqlarında təhlükəsiz şəkildə qalmasının təmin edilməsidir. Lakin genişmiqyaslı xaos və humanitar böhran yaranacağı təqdirdə, Türkiyə BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən müdaxilə hüququnu özündə saxladığını bildirir. Nəticə etibarilə, İran nə Türkiyə, nə də Azərbaycan üçün kənara itələnə biləcək bir ölkədir. Tarixi, etnik və coğrafi bağlar bu əlaqələri xüsusi edir. Türkiyə münaqişənin hər iki tərəf üçün böyük itkilər olmadan sona çatmasını arzulayır və bu istiqamətdə səylərini davam etdirir".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən