"Türkiyəni mümkün qədər bu münaqişəyə cəlb etmək təşəbbüsləri var"

 19:59 05.03.2026     2188

Dünən yayılan məlumata görə, İrandan atılan ballistik raket Türkiyənin Hatay vilayəti üzərində vurularaq məhv edilib. İran isə Türkiyəyə raket atdığını təkzib edib.

Bəs raket hansı ölkə tərəfindən atıla bilər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Qafar Çaxmaqlı qeyd etdi ki, Türkiyəyə tərəf yönləndirilən bir ballistik raket Hatay vilayəti üzərində, yəni hava məkanında məhv edilib:

"Bu isə bəzi məsələlərə aydınlıq gətirməyi tələb etdi. Buna görə də Türkiyənin xarici işlər naziri İranın xarici işlər naziri ilə telefon danışığı apardı. Bildiyim qədərilə İran bunu təkzib edir və belə bir mövqe ortaya qoyur ki, onların Türkiyəyə raket atmaq niyyəti olmayıb. Guya bu hadisə yanlışlıq nəticəsində baş verib. Amma burada bir yanlışlıq yoxdur. İsrailin məqsədi odur ki, regionun daha çox dövlətini bu münaqişəyə, bu müharibəyə cəlb etsin. Ola bilsin ki, ehtimal var ki, bu raket təxribat məqsədilə atılıb və Türkiyənin reaksiyasını yoxlamaq üçün istifadə olunub. Türkiyənin reaksiyası isə belə oldu ki, Türkiyə İranın Ankaradakı səfirini Xarici İşlər Nazirliyinə dəvət etdi və ona etiraz notası verildi. Həmçinin belə hadisələrin gələcəkdə baş verməməsi üçün əlaqələrin qurulması tələb olundu".

Müsahibimiz vurğuladı ki, Türkiyə ABŞ/İsrail-İran münaqişəsində yoxdur, bu müharibədə iştirak etmir.

"Türkiyə münaqişənin əvvəlindən bəri hər zaman vasitəçilik və ara buluculuq mövqeyi sərgiləyib. Hətta danışıqların İstanbulda aparılması məsələsi də gündəmdə idi. O zaman buna İsrail etiraz etdi və əgər danışıqlar İstanbulda davam etsəydi, ehtimal ki, indiki vəziyyət yaranmazdı. Bunu da qəsdən edirlər. Türkiyəni mümkün qədər bu münaqişəyə cəlb etmək təşəbbüsləri var. Bu, İsrail tərəfindən açıq şəkildə bildirilir. İsrailin məqsədi isə müsəlman dünyasını İranın üzərinə qaldırmaq üçün müəyyən addımlar atmaqdır. Türkiyəyə raket zərbəsi endirmək nə deməkdir? Əgər bu, doğrudan da düşünülmüş şəkildə edilsəydi, bu, həmin ölkənin məhvi demək olardı. Çünki Türkiyə nə Oman, nə Səudiyyə Ərəbistanı, nə Qətər, nə də Küveyt deyil. Əgər Türkiyəyə qarşı gerçəkdən belə bir zərbə vurulmaq istənilərsə, Türkiyənin cavab tədbirləri çox öldürücü ola bilər. Türkiyə bu məsələdə ciddi mövqeyini ortaya qoya bilər və buna görə də Türkiyəyə qarşı təxribat edən hər hansı qüvvə və ya ölkə çox böyük zərər çəkə bilər.

Yəni bu məsələdə mövqe açıqdır. Türkiyə həm də göstərdi ki, ona qarşı atılan hər hansı ballistik raketi zərərsizləşdirmək gücünə malikdir. Türkiyə öz mövqeyini əvvəldən axıra qədər müdafiə etməlidir. Belə bir məsələ də var ki, guya İrandan sonra Türkiyəyə qarşı müəyyən planlar mövcuddur. Türkiyəyə qarşı ediləcək planlar isə fiaskoya uğraya bilər. Çünki Türkiyə nə İrandır, nə də digər ərəb ölkələridir ki, bu məsələyə ciddi yanaşmasın və öz mövqeyini ortaya qoymasın. Əgər gələcəkdə də belə addımlar atılarsa, şübhəsiz ki, zərər görən tərəf Türkiyəni bu münaqişəyə çəkmək istəyən ölkə və ya qüvvələr ola bilər. İndiki halda mən düşünürəm ki, bu, İsrailin növbəti təxribatıdır və bu təxribata uymaq lazım deyil. Türkiyənin də səbirlə və təmkinlə bu məsələləri araşdıraraq üzərinə gedəcəyini düşünürəm", - deyə Q.Çaxmaqlı yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən