"Bizə qarşı bu cür hücumlar qətiyyən olmamalıdır" - Deputatdan İrana REAKSİYA
Xəbər verdiyimiz kimi, bu gün Naxçıvan Muxtar Respublikasına İran ərazisindən dron hücumları həyata keçirilib.
Mövzu ilə bağlı Redaktor.az-a danışan deputat Rövşən Muradov hesab edir ki, İran tərəfi izahat verməlidir:
"Çünki Azərbaycan indi bu münaqişələrdə iştirakçı deyil və düşünürəm ki, İran İslam Respublikasından bizə qarşı hər hansı təcavüzlə bağlı Azərbaycanın söz deməyə hüququ var və tez bir zamanda açıqlama gəlməlidir. Əvvəla, hava limanına zərbə endirilib və orada iki nəfər xəsarət alıb. Bundan əlavə, dronlardan biri məktəb yaxınlığına düşüb. Biz bunu səmimi deyim ki, İran tərəfindən gözləmirdik. Amma İran tərəfi bununla bağlı bizə rəsmi cavab verməli, bildirməlidir ki, bu, bəlkə təsadüfən baş verib və ya düzgün olmayıb. Yəni açıqlama verməlidir. Ona görə də biz hər halda İranın bizə qarşı dron atmasını pisləyirik və düşünürük ki, gələcəkdə bu hallar təkrarlanmayacaq. Eyni zamanda bildiririk ki, Azərbaycan tərəfi də özünə qarşı hər hansı təxribat olarsa, cavab tədbirləri görə bilər. Amma düşünürəm ki, qonşu dövlət olaraq biz bu münaqişədən kənardayıq və bizə qarşı bu cür hücumlar qətiyyən olmamalıdır".
Nuriyyə NATİQQIZI













