“Onlar başlarını itiriblər” - Deputat Naxçıvana dron hücumundan DANIŞDI
Martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İrandan uçan dronlardan biri aeroportun ərazisinə, digəri isə Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.
Məsələ ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Qüdrət Həsənquliyev sərt mövqe bildirdi.
“Onlar başlarını itiriblər. Bu cür düşüncəsiz addımları ilə sonlarını yaxınlaşdırırlar”, – deyə o qeyd etdi.
Millət vəkili əlavə etdi ki, Azərbaycan tərəfi hazırda rəsmi izahat gözləyir və hadisənin bütün detalları araşdırılmalıdır.
Onun sözlərinə görə, ilk növbədə İran tərəfinin baş verənlərlə bağlı mövqeyi açıqlanmalıdır:
“İranın cavabını gözləməliyik. Təkrar belə bir hadisə baş verərsə, Azərbaycan müvafiq cavab verəcək”.
Millət vəkili xatırlatdı ki, artıq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi də məsələ ilə bağlı açıqlama verərək Azərbaycanın cavab hüququnu saxladığını bəyan edib.
Aminə ŞAHSUVARQIZI













