İranın Naxçıvana hücumu regionumuzu yenidən təhdid altına salır - Deputat

 17:30 05.03.2026     308

"Azərbaycanın Naxçıvan Muxtar Respublikasına İran tərəfindən dron hücumunun həyata keçirilməsini təbii ki, pisləyir və qınayırıq. Məlum olduğu kimi, bu dronlardan biri Naxçıvan hava limanının terminal binasına, digəri isə Şəkərabad kəndində yerləşən məktəb binasının yaxınlığına düşüb. Bu hücum regionda, xüsusilə Cənubi Qafqazda münasibətlərin daha da gərginləşməsinə və kəskinləşməsinə səbəb olur və beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. Biz regional platforma olaraq Cənubi Qafqazı sülh gündəminin təşviqi və təbliği platformasına çevirmişik. Ermənistanın təcavüzünə son qoyulduqdan sonra regionda sülh və əməkdaşlıq üçün yeni imkanlar yaranmışdı. Lakin təəssüf ki, sonradan baş verən hadisələr və bu hücum Cənubi Qafqazı, ümumilikdə isə regionumuzu yenidən təhdid altına salır".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirdi.

Müsahibimiz vurğuladı ki, bu dron hücumunu qəti şəkildə pisləyirik.

"Azərbaycan Xarici İşlər Nazirliyinin müvafiq bəyanatında da qeyd edildiyi kimi, Azərbaycan tərəfi İran tərəfindən təxirəsalınmaz tədbirlərin görülməsini və baş verənlərlə bağlı izahat verilməsini tələb edir. Çünki Azərbaycan qonşularına münasibətdə hər zaman konstruktiv mövqe tutub, normal qonşuluq münasibətlərinin inkişafını seçib və heç vaxt qonşu dövlətlər üçün təhdid və təhlükə yaratmayıb. Hətta Ermənistan torpaqlarımızı işğal altında saxladığı dövrdə belə Azərbaycan münaqişənin sülh yolu ilə danışıqlar və diplomatiya vasitəsilə həllinin tərəfdarı idi. Təəssüf ki, Ermənistan bunu uzun illər anlamaq istəmirdi".

Millət vəkili əlavə etdi ki, hazırkı vəziyyətdə Azərbaycan bu hücumu qətiyyətlə pisləyir və İran tərəfindən rəsmi izahat verilməsini tələb edir:

"Necə ki, vaxtilə AZAL-a məxsus təyyarə Rusiya tərəfindən vurulduqda Azərbaycan Rusiyadan izahat gözləyirdi, eyni gözlənti və yanaşma İranın dron hücumu ilə bağlı da mövcuddur. Azərbaycan müstəqil və suveren dövlətdir. Öz ərazisinə qarşı hər hansı hücumu qəbul etməyəcək və ölkəmizin suverenliyinin, xalqımızın və torpaqlarımızın təhlükə altında olmasına heç vaxt imkan verməyəcək. Azərbaycan regionda olduğu kimi qlobal səviyyədə də hər zaman sülhün tərəfdarı olub və bundan sonra da bu mövqeyini qoruyacaq".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən