"Azərbaycana endirilən zərbələr heç bir şəkildə əsaslandırıla bilməz" - ŞƏRH
"İranın ölkəmizə qarşı həyata keçirdiyi bu hücum bizim üçün gözlənilməz oldu".
Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Turab Rzayev İranın Naxçıvana dron hücumu etməsindən danışarkən bildirdi.
"Doğrudur, İran son bir neçə gündür bunu müəyyən strategiya kimi seçib və faktiki olaraq bütün dünyada, xüsusilə Yaxın Şərqdə və ətraf bölgələrdə gərginliyi artırmağa çalışır. Məqsəd ondan ibarət ola bilər ki, ərazilərdə dağıntılar baş versin, infrastruktur zədələnsin və müxtəlif ölkələr zərər görsün, dünyanın diqqəti bu münaqişəyə daha çox yönəlsin. Bu isə öz növbəsində bəzi müttəfiqləri, xüsusilə Körfəz ölkələrini ABŞ-nin üzərində təzyiq göstərməyə sövq edə bilər ki, hərbi əməliyyatlar dayandırılsın. Digər tərəfdən, dünya ictimaiyyəti Yaxın Şərqdə uzun müddət davam edən müharibələrdən artıq yorulub və bu amil də xüsusilə ABŞ-nin ictimaiyyətinin müharibəyə qarşı mövqeyini gücləndirərək administrasiya üzərində təzyiq yarada bilər. Ola bilsin ki, İranın hədəflərindən biri də məhz budur.
Bununla yanaşı, İran hücumların arealını getdikcə genişləndirdi. Əvvəlcə ərəb ölkələrində yerləşən ABŞ-nin bazaları hədəf alınmışdı. Lakin daha sonra hücumlar yalnız hərbi bazalarla məhdudlaşmadı. İran bəzi aeroportları, binaları, ticarət mərkəzlərini də hədəfə aldı. Məlumatlara görə, Səudiyyə Ərəbistanında "Aramco" şirkətinin neft obyektləri, Qətərdəki limanlar, neft və qaz terminalları da zərbələrə məruz qalıb. Daha sonra isə hücumların coğrafiyası Kipr və Yunanıstana qədər genişləndi. Məsələn, Kiprdəki bazalar hədəf alınarkən İran tərəfi bunu İsrail təyyarələrinin həmin bazalardan istifadə etməsi ilə əsaslandırmağa çalışırdı. Lakin sonradan Yunanıstan və Türkiyəyə qarşı da zərbələr endirildi. Xüsusilə Yunanıstanda bu zərbələrin qarşısı alınsa da, nəzərə almaq lazımdır ki, həm Kipr, həm Yunanıstan, həm də Türkiyə NATO ilə əlaqəli təhlükəsizlik sistemlərinin tərkibində olan ölkələrdir. Bu isə İranın münaqişənin arealını maksimum genişləndirməyə çalışdığını göstərir və bunun arxasında müəyyən hərbi və siyasi hesablamalar ola bilər".

Müsahibimizin sözlərinə görə, Azərbaycana endirilən zərbələr artıq heç bir şəkildə əsaslandırıla bilməz:
"Çünki Azərbaycan faktiki olaraq İrana qarşı həyata keçirilən hər hansı əməliyyatlara ev sahibliyi etmir. Azərbaycanın ərazisində ABŞ-nin hərbi bazaları mövcud deyil. Bu baxımdan İranın Azərbaycana qarşı bu zərbələri necə əsaslandıracağı ciddi sual doğurur. Digər mühüm məsələ isə ondan ibarətdir ki, indiyə qədər İran tərəfindən bununla bağlı nə üzrxahlıq, nə də hər hansı rəsmi açıqlama verilib. Əgər bu dronlar təsadüfən Azərbaycan ərazisinə düşmüş olsaydı bunun ehtimalı da çox aşağıdır. Ən azı texniki səhv və ya yanlışlıq barədə açıqlama verilməsi və üzr istənilməsi gözlənilirdi. Lakin hələlik belə bir açıqlama yoxdur".
Siyasi şərhçi əlavə etdi ki, İran daxilində Azərbaycana qarşı mənfi mövqe tutan, qatı fars millətçi və şovinist qrupların mövcudluğu da məlumdur:
"Bu qruplar xüsusilə Qarabağ müharibəsi dövründə və ondan sonra Azərbaycana qarşı ittihamlar səsləndirmiş, hətta açıq təhdidlər etmişdilər. Ola bilər ki, həmin qruplara bağlı müəyyən strukturlar və ya bölmələr mövcud vəziyyətdən istifadə edərək bu cür addım atıblar. Digər ehtimal isə bunun İranın regionu daha geniş miqyasda gərginlik ocağına çevirmək strategiyasının tərkib hissəsi olmasıdır. Hər bir halda Azərbaycana qarşı atılan bu addım tamamilə haqsızdır və eyni zamanda həm Azərbaycana, həm də Türkiyəyə qarşı bir növ nankorluq kimi qiymətləndirilə bilər. Çünki tarixə nəzər salsaq, Türkiyə və Azərbaycan dəfələrlə regionda sabitliyin qorunması üçün mühüm rol oynayıb. Məsələn, 2016-cı ildə İrana qarşı hərbi əməliyyatların başlanması ehtimalı gündəmdə idi. Həmin dövrdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın diplomatik səyləri nəticəsində İran Prezidenti Mahmud Əhmədinejad və Braziliya Prezidenti Luiz İnasio Lula da Silva arasında razılaşma əldə olunmuşdu və İranın nüvə proqramı ilə bağlı müəyyən öhdəliklər götürülmüşdü. Bu isə ABŞ-nin İrana qarşı planlaşdırdığı hücumların dayandırılmasına səbəb olmuşdu".
Turab Rzayev xatırlatdı ki, Azərbaycana müxtəlif təzyiqlər göstərilməsinə baxmayaraq, ölkə rəhbərliyi dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisindən İrana qarşı hər hansı hərbi əməliyyatların həyata keçirilməsinə icazə verilməyəcək:
"Yəni həm Azərbaycan, həm də Türkiyə regionda sabitliyin qorunmasına çalışıb və İrana qarşı hərbi eskalasiyanın qarşısını almağa səy göstərib. Bütün bu amillər fonunda Azərbaycana və Türkiyəyə qarşı belə addımların atılması ciddi narazılıq doğurur və bunu həm nankorluq, həm də hərbi aqressiya kimi qiymətləndirmək olar. Düşünürəm ki, Azərbaycan tərəfi bu məsələ ilə bağlı Türkiyə ilə məsləhətləşmələr aparacaq və bundan sonra İrana daha sərt siyasi və diplomatik ritorika ilə cavab verilə bilər. Bununla yanaşı, İranın bu hadisə ilə bağlı rəsmi açıqlaması da gözlənilir. Lakin həmin açıqlamanın gecikməsi və indiyə qədər verilməməsi özü də mənfi siqnal kimi qiymətləndirilir və əlavə suallar doğurur".
Xədicə BAXIŞLI













