"Bu, İranın nakişi mövqeyidir" - Deputatdan sərt REAKSİYA

 18:07 05.03.2026     403

"İran İslam Respublikası dronlar vasitəsilə  Naxçıvan Beynəlxalq Hava Limanına, məktəbə və məktəbə yaxın əraziyə zərbələr endirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının bugünkü iclasında bu məsələ müzakirə edilib və dövlətimizin başçısı İranın Azərbaycana qarşı atdığı bu addımı terror aktı kimi, təcavüzkar akt kimi qiymətləndirib. Bu isə bir daha onu təsdiqləyir ki, İran dövləti Azərbaycana münasibətdə qərəzlidir və Azərbaycan dövlətinin İrana münasibətdə həyata keçirdiyi mehriban qonşuluq siyasətinin əleyhinə addımlar atır. Biz bunun dəfələrlə şahidi olmuşuq".

Bunu Redaktor.az-a açıqlamasında İranın Naxçıvana dron hücumu və Prezident İlham Əliyevin keçirdiyi Təhlükəsizlik Şurasının iclası haqqında danışan deputat Elman Nəsirov dedi.

"Cənab prezident diqqəti belə bir fakta da cəlb etdi ki, İranda Azərbaycan səfirliyinə qarşı da hücum olunmuşdu, terror aktı törədilmişdi. Bir nəfər səfirlik əməkdaşı həlak olmuş, bir nəfər yaralanmışdı, səfirliyimizin fəaliyyəti dayandırılmışdı. Bu terror aktının təşkilatçıları isə İranda hakimiyyətdə əyləşənlər idi, sifariş də oradan gəlmişdi. Eyni zamanda cinayətkarı gizlətmək istəyirdilər, uzun müddət ona cəza vermək istəmirdilər. Amma Azərbaycanın israrlı mövqeyindən sonra həmin şəxs cəzalandırıldı. Keçən illərdə İrana qarşı məlum müharibə fonunda Azərbaycan ittiham olunmağa başlandı, əsassız şəkildə ittiham edildi. İranda yaşayan soydaşlarımızın gözündə Azərbaycan mənfi obrazda formalaşdırılmaq istənildi. Amma bunların heç bir nəticəsi olmadı. Çünki bütün bunlar qərəz idi və Azərbaycan dövləti həmişə İrana münasibətdə xeyirxah mövqedən çıxış edib. Biz heç zaman imkan verməmişik ki, üçüncü dövlət Azərbaycan ərazisindən İrana qarşı istifadə etsin. Buna yol verməmişik.

Bunun qarşılığında isə bizə qarşı nankor, nakişi addım atılır. Necə ki, cənab prezident ona da diqqəti cəlb etdi, elə bu gün İranın xarici işlər nazirinin müavini xahiş etmişdi ki, Livandakı diplomatik nümayəndəliyin əməkdaşlarının oradan çıxarılmasına, təyyarə ilə İrana gətirilməsinə Azərbaycan köməklik etsin. Biz bu köməkliyi də etdik. Hətta bunun müqabilində bizə ödəniş təqdim ediləndə ondan da imtina etdik. Bildirdik ki, dar gündə bir-birimizə dəstək olmalı, kömək etməliyik və buna görə heç bir ödənişə ehtiyac yoxdur. Yəni bu, bizim mövqeyimizdir, bizim kişiyanə mövqeyimizdir. Bu isə İranın nakişi mövqeyidir.

Cənab prezident onu da qeyd etdi ki, bu gün bütün Silahlı Qüvvələrimiz tam səfərbərlik vəziyyətindədir və İranın Azərbaycana qarşı hər hansı addımına adekvat cavab verilməlidir. Bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar. Onlar bizim gücümüzü sınamasınlar. Prezident vurğuladı ki, “Dəmir Yumruq” yerindədir və bilməlidirlər ki, Azərbaycan güclü dövlətdir. Baş vermiş bütün hadisələrə görə məsuliyyət İranın üzərinə düşür. İlk növbədə İran tərəfi bu terror aktına imza atanları cəzalandırmalı və Azərbaycandan üzr istəməlidir", - deyə o yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən