"SEPAH və XİN-in açıqlamaları bir-birini təkzib edir" - AÇIQLAMA
"Məlum olduğu kimi 5 mart tarixində İrana məxsus dronlarla Naxçıvan Beynəlxalq Hava Limanı hücuma məruz qaldı. Dronlardan bir digəri isə Şəkərabadda yerləşən məktəbin yaxınlığına düşdü. Əvvəla onu qeyd edək ki, beynəlxalq hüququn norma və prinsiplərinə əsasən mülki obyektlərin, bu xüsusda məktəblərin legitim hərbi hədəf kimi qəbul edilməsi qadağandır. Digər tərəfdən "İran Azərbaycanı müharibəyə cəlb etmək istəyirmi" sualı yaranır. Xatırladım ki, dron hücumu Prezident İlham Əliyevin Bakıda yerləşən İran səfirliyinə ali dini liderin öldürülməsi ilə bağlı başsağlığı verməsindən cəmi 1 gün sonra baş tutub".
Bunu Redaktor.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Üzeyir Mustafayev bildirdi.
Onun sözlərinə görə, ABŞ/İsrail-İran münaqişəsi başladıqdan sonra Azərbaycan XİN bəyanatla bildirdi ki, Azərbaycan ərazisindən İrana hücum məqsədilə heç bir halda istifadə oluna bilməz:
"Bu bəyanat ölkə başçısı səviyyəsində də dəfələrlə beynəxalq tribunalardan səsləndirilib. Azərbaycan bu mövqeyinə daima sadiq olub. Bununla belə İran tərəfinin son addımı, yəni Azərbaycan ərazisinə dron zərbələrinin endirilməsi ölkəmizin də bu münaqişəyə cəlb olunması cəhdi kimi dəyərləndirilə bilər".
Politoloq bildirdi ki, hücumla bağlı iki variant meydana gəlir:
"Birincisi, üçüncü qüvvələr Azərbaycanı İranla münaqişəyə cəlb etməkdə maraqlıdır və hücum da bu konteksdə meydana gəlib. İkincisi, hücum həqiqətəndə İran tərəfindən həyata keçirilib. SEPAH tərəfindən hücumla bağlı yayımlanan məlumat göstərir ki, həqiqətən də zərbələr İrandan gəlib. Deməli birinci variantı qüvvədən düşmüş hesab edə bilərik. Bununla belə İran XİN nazirinin müavini Kazım Qəribabadi verdiyi müsahibədə İranın Naxçıvan beynəlxalq hava limanına hücum etməsi barədə məlumatı təkzib edib. O bildirib ki, Tehran qonşu ölkələri hədəf almır və bu hadisə mütləq araşdırılmalıdır".
Siyasi şərhçinin sözlərinə görə, belə qənaətə gəlmək olur ki, ali dini rəhbərin ölümündən sonra İranda hakimiyyətin bölünməsi başlayıb:
"Çünki SEPAH və XİN-in açıqlamaları bir-birini təkzib edir. XİN Azərbaycanla qonşuluq münasibətindən, SEPAH isə Azərbaycanı hədələyən bəyanatlarla fikrini ifadə edir. İranın hazırki vəziyyətində dövlətin bir neçə mərkəzdən idarə olunması variantı daha real görünür. Eyni zamanda qeyd edim ki, törədilən hücumla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Cənab Prezident bu hücumu İranın Azərbaycana qarşı törətdiyi teror aktı olduğunu bildirib. Ölkə başçısı çıxışında İranın dəfələrlə Azərbaycana qarşı sərgilədiyi mövqeyi diqqətə çatdırıb. İranın xarici işlər nazirini müavinin Livandakı İran səfirliyi əməkdaşlarının təxliyyəsi ilə bağlı xahişini və bu təxliyənin tam təmənnasız həyata keçirilməsi məsələsini vurğulayan ölkə başçısı bildirib ki, “bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək"".
Ü.Mustafayev vurğuladı ki, Azərbaycan son anadək İranla qonşuluq münasibətlərinə uyğun davranış sərgiləyib:
"Ölkəmiz daim münasibətlərin stabil və sülh şəraitinə uyğun inkişafında maraqlı olub. Lakin son teror aktı, İranla münasibətlərin gərginlik kuliminasiyası oldu. 30 illik işğala son qoyan Azərbaycan heç bir halda ərazi bütövlüyü və suverenliyindən heç bir tərəfə güzəştə getməyəcəkdir. Ölkə başçısının da vurğuladığı kimi bütün zəruri diplomatik addımlar atılacaqdır. Eyni zamanda bütün ordu bölmələri tam hazır vəziyyətdədir. Ali Baş Komandanın əmri ilə faşist erməni işğalına son qoyan, quru əməliyyatlarında böyük təcrübəsi olan və ən əsası dünya hərb tarixinə öz adını yazdırmış Azərbaycan ordusu və onun müvafiq bölmələri istənilən düşməni zərərsizləşdirmək potensialına malikdir.
Şuşa Bəyannaməsi kimi tarixi sənədi xatırlatmaqda fayda vardır. Beləliklə tam aydındır ki, Azərbaycana olunan bu hücumun nəticələri İran üçün kifayət qədər qətiyyətli olacaqdır".
Xədicə BAXIŞLI













