"Azərbaycanı bu münaqişəyə cəlb etmək istəyirlər" - Qafar Çaxmaqlı

 17:25 06.03.2026     433

"Naxçıvana hücumun arxasında açıq bir məqsəd var: Azərbaycanı bu münaqişəyə cəlb etmək. Eyni zamanda, Türkiyəyə də belə bir həmlə olmuşdu və Türkiyə də, Azərbaycan da bu məsələnin araşdırılması və açıqlığa qovuşması üçün tədbirlər görüb. Azərbaycan Prezidenti bu məsələ ilə bağlı tapşırıq verib və İrandan haqlı olaraq tələb edilib ki, dron hücumlarını təşkil edən qüvvələr aşkar edilsin və Azərbaycandan bu məsələ ilə bağlı üzr istənilsin".

Bunu Redaktor.az-a açıqlamasında politoloq Qafar Çaxmaqlı bildirdi. Onun sözlərinə görə, Azərbaycanın mövqeyi çox açıqdır:

"Çünki indiyə qədər İranla bağlı Amerika Birləşmiş Ştatlarının və İsrailin apardıqları plana Azərbaycan müsbət yanaşmayıb və Azərbaycan əvvəldən bəyan edib ki, onun ərazisindən qonşu dövlətə qarşı hər hansı hərbi həmlələr və ya hərəkətlər olmayacaqdır. Azərbaycan bu məsələdə tərəfsiz mövqeyini ortaya qoyub. Çünki İranla bağlı məsələ Amerikanın və İsrailin məsələsidir, Azərbaycanın isə bununla heç bir əlaqəsi yoxdur. Bu dron hücumundan sonra müəyyən şübhələr ortaya çıxıb. İran tərəfi fərqli fikirlər səsləndirməyə başlayıb, bəziləri isə hətta bildirirlər ki, bundan xəbərləri yoxdur və bunu təşkil edən, İran ərazisindən fəaliyyət göstərən qüvvələr ola bilsin ki, MOSSAD-la əlaqəli olsun və Azərbaycanı bu təxribatlara çəkmək üçün belə addımlar atılsın. Bu hücumların arxasında kimin dayanması yaxın zamanlarda məlum olacaqdır".

Müsahibimizin sözlərinə görə, belə bir addımın atılması və Azərbaycanı bu münaqişəyə cəlb etmək təşəbbüsləri iflasa uğrayacaq:

"Çünki Azərbaycan öz mövqeyini əvvəldən də, indi də açıq şəkildə bildirməkdədir. Belə araşdırmalar və müəyyən fikirlər də var ki, bu hücumlar İran ərazisindən deyil, başqa bir yerdən həyata keçirilib. İranda bəzi siyasi analitiklər bunu belə izah edirlər ki, İsrail bu məsələdə maraqlıdır və Azərbaycanı da prosesə cəlb etmək istəyir. Mənə elə gəlir ki, aparılan araşdırmalar yaxın zamanda bütün bu şübhələrə aydınlıq gətirəcək. İranla Azərbaycanın münasibətləri əvvəlki qaydada davam edir. Lakin bizim tələbimiz haqlıdır: İran bu məsələni araşdırmalı, Azərbaycana cavab verməli və edilən hücuma görə üzr istəməlidir. Bu mövqeyimiz bütün beynəlxalq prinsiplərə və qaydalara uyğundur".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən