“İran müharibə genişlənərsə, heç kim təhlükəsizlikdə olmayacaq mesajı verir” - Türkiyəli general

 20:47 10.03.2026     671

"İran tərəfindən Türkiyə istiqamətində yenidən raket buraxılması xəbəri bir neçə mühüm aspektdən qiymətləndirilməlidir. İran tərəfindən raketlərin buraxılması xəbəri, hər nə qədər gərginlik yaratsa da, mövcud siyasi və hərbi şərait fonunda birbaşa Türkiyəni hədəf alan bir addım kimi görünmür".

Bu fikirləri Redaktor.az-a Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz açıqladı.

Onun sözlərinə görə, rəsmi Tehranın əsas hədəf trayektoriyası adətən İsrail və ya regiondakı ABŞ-nin qüvvələri ilə məhdudlaşır:

"Bu səbəbdən, raketlərin Türkiyə hava məkanına yaxınlaşması və ya həmin istiqamətə düşməsi daha çox ballistik trayektoriyanın texniki səhv nəticəsində dəyişməsi və ya hava hücumundan müdafiə sistemlərinin müdaxiləsi ilə izah oluna bilər".

Müsahibimiz əlavə etdi ki, bu cür "təsadüfi" insidentlər belə, müharibənin coğrafiyasının genişlənməsi baxımından kritik risklər daşıyır:

"Xüsusilə Türkiyənin bir NATO üzvü olması, onun hava məkanına yönələn hər hansı təhdidin müttəfiqlik mexanizmlərini işə salma potensialını artırır. Bu vəziyyət İranın dolayı yolla region ölkələrinə "müharibə genişlənərsə, heç kim tam təhlükəsizlikdə olmayacaq" mesajını vermək istəməsi kimi də yozula bilər. Ankara isə bu gərginlik qarşısında son dərəcə soyuqqanlı, lakin qətiyyətli bir balans qorumağa çalışır. Türkiyə bir tərəfdən NATO ilə koordinasiyanı saxlayıb hava məkanının təhlükəsizliyinə sıfır tolerantlıq nümayiş etdirir, digər tərəfdən isə İranla birbaşa hərbi qarşıdurmadan qaçaraq regional eskalasiyanı yatırmağa üstünlük verir".

Generalın sözlərinə görə, baş verənlər birbaşa hücum aktından ziyadə bölgədəki münaqişənin nəzarətdən çıxma riskinin bir göstəricisidir:

"İnsidentlər sübut edir ki, diplomatik kanalların açıq saxlanılması və hava müdafiə sistemlərinin daim yüksək hazırlıq vəziyyətində olması artıq sadəcə hərbi ehtiyac deyil, həm də strateji bir zərurətdir".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən