"'İranın ali rəhbəri öldürülüb, müharibənin davam etməsinə ehtiyac yoxdur" - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ABŞ-nin Prezidenti Donald Tramp "ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı yaxın zamanda başa çatacaq" - deyə fikir səsləndirib. Sonra isə danışıqların olmasının istisna olmadığını deyib.
Bu açıqlama fonunda ABŞ/İsrail - İran münaqişəsi başa çata bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Sədrəddin Soltan bildirdi ki, ABŞ-nin hərbi əməliyyatlarının uzun müddət davam etməyəcəyi əvvəldən bəlli idi:
"Çünki bunun əsası təxminən 7-8 ay əvvəl, 2025-ci ilin yayında qoyulmuşdu və hücumlar, əməliyyatlar əsasən həmin dövrdən başlamışdı. Digər tərəfdən, ABŞ-nin bu əməliyyatda əsas hədəfi ölkəni işğal etmək və ya hansısa ərazini tutmaq idi. Əvvəldən ABŞ və İsrail əsas hədəflərini bəyan etmişdilər. Bunlardan birincisi İranın ali rəhbərinin öldürülməsi idi və bunu həyata keçirdilər. Digər hədəf İranın raket bazalarının, raket istehsal edən müəssisələrinin sıradan çıxarılması və raket anbarlarının vurulması idi. ABŞ-nin açıqlamalarına görə, bu istiqamətdə də çox böyük uğurlar əldə olunub. Başqa bir istiqamət İran hərbi qüvvələrinin rəhbərlərinin, SEPAH komandanlarının, qərargahlarının və SEPAH bazalarının vurularaq sıradan çıxarılması idi. ABŞ iddia edir ki, bu hədəflərin də böyük bir hissəsi məhv edilib".
Siyasi şərhçi əlavə etdi ki, bu baxımdan ABŞ-nin müharibəni və ya hərbi əməliyyatları daha uzun müddət davam etdirməsinə ciddi ehtiyac yoxdur:
"Çünki müharibə eyni zamanda böyük maliyyə vəsaiti deməkdir. ABŞ Konqresində Demokratlar maliyyə xərclərinin həcminə görə Prezident Donald Trampı tənqid edirlər. Eləcə də İsraildə parlamentdə oxşar proseslər baş verir. Yəni daxili siyasi təzyiqlər də müharibənin dayandırılması zərurətini yaradır. Ona görə də hesab edirəm ki, müharibə uzunmüddətli olmayacaq. Digər tərəfdən danışıqlar məsələsi də gündəmə gələ bilər. Çünki İranın hərbi-sənaye kompleksini və nüvə obyektlərini sıradan çıxaran, onu zəiflədən və fəaliyyətini məhdudlaşdıran hərbi əməliyyatlardan sonra İranla danışıqların aparılması ehtimalı artır. Hətta İranda növbəti hakimiyyətin formalaşması ilə bağlı məsləhətləşmələr məsələsi də ortaya çıxa bilər. Bu baxımdan ehtimal etmək olar ki, hərbi əməliyyatlar uzun çəkməyəcək, dayandırılacaq və danışıqlar prosesinə başlanacaq".
Xədicə BAXIŞLI













