"Proseslər yeni mərhələdə Avropa İttifaqı–Azərbaycan münasibətlərinə yeni imkanlar qazandıracaq"

 16:26 12.03.2026     848

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta martın 11-də Azərbaycana rəsmi səfər edib. Dövlət başçısı İlham Əliyev ilə Avropa İttifaqı Şurasının Prezidenti arasından təkbətək görüş keçirilib. Daha sonra tərəflər mətbuata bəyanatla çıxış ediblər. 

Milli Məclisin deputatı Hikmət Babaoğlu Redaktor.az-a açıqlamasında bildirdi ki, Avropa İttifaqı Şurası Prezidentinin Azərbaycana səfəri Avropa İttifaqı və Azərbaycan münasibətlərində mühüm hadisədir.

Millət vəkili vurğuladı ki, biz Avropa İttifaqı ilə çox yaxın tərəfdaşlıq edən ölkəyik və bu tərəfdaşlıq etibarlı enerji əməkdaşlığı kimi səciyyələndirilir:

"2022-ci ildə yaşıl mənbələrdən hasil edilən enerjinin Avropaya ötürülməsi ilə bağlı Avropa Komissiyası ilə imzalanmış sənəd də bunun göstəricisidir. Bütün bunlar isə, əlbəttə ki, yeni mərhələdə Avropa İttifaqı ilə Azərbaycan münasibətlərinin daha da dərinləşməsini və əməkdaşlığın genişləndirilməsini şərtləndirir.

Bununla yanaşı, Avropa İttifaqı–Azərbaycan münasibətlərini təhlil edərkən toxunmalı olduğumuz iki mühüm məsələ də var. Bunlardan biri, cənab Antonio Koştanın da qeyd etdiyi kimi, Amerika Birləşmiş Ştatlarında əldə olunan razılaşmada, paraflanmış sülh sazişində Orta Dəhlizin əsas seqmenti olan Zəngəzur dəhlizinin ABŞ tərəfindən təhlükəsizlik təminatına alınmasıdır. Yəni bu dəhlizin “TRIPP marşrutu” adlandırılması həmin marşrutun etibarlı, uzunmüddətli və təhlükəsiz bir yol kimi müəyyənləşdirilməsini nəzərdə tutur. Bu isə Avropa İttifaqı üçün çox vacibdir.

Eyni zamanda Azərbaycan “qlobal qapı” siyasətini həyata keçirir ki, bu da müəyyən qədər məhdud olan strateji coğrafiyamızın kommunikasiya imkanlarının genişləndirilməsi və Avropa ilə əməkdaşlıq üçün səfərbər edilməsidir. Ona görə də düşünürəm ki, bütün bu proseslər yeni mərhələdə Avropa İttifaqı–Azərbaycan münasibətlərinə tamamilə yeni imkanlar qazandıracaq".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən