"Siyasi şou yaratmağa çalışan dairələr var" - Deputat
"Əvvəlki dövrlərlə müqayisədə dünyanın aparıcı dövlətləri, o cümlədən ABŞ, Rusiya və Avropa İttifaqı Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edir. Avropa İttifaqı Şurasının Prezidentinin Bakıya səfəri və səsləndirilən bəyanatlar göstərir ki, Avropa strukturları Azərbaycanla əməkdaşlığın əhəmiyyətini daha aydın şəkildə dərk edir".
Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Bəhruz Məhərrəmov bildirdi.
O əlavə etdi ki, həmçinin Rusiya Prezidentinin Azərbaycan Prezidentinə zəng etməsi və müxtəlif sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı qarşılıqlı niyyətin ifadə olunması regionda yeni əməkdaşlıq imkanlarının formalaşdığını göstərir:
"Bütün bunlar cənab İlham Əliyevin həyata keçirdiyi diplomatiyanın mühüm nəticələridir. Bununla yanaşı, sosial mühitdə neqativ rəy formalaşdıraraq siyasi şou yaratmağa çalışan dairələr də mövcuddur. Təəssüf ki, bəzi hallarda sabitliyin pozulması müəyyən qüvvələr üçün siyasi dividend əldə etmək vasitəsinə çevrilir. Kimisi törətdiyi əməllərə görə məsuliyyətə cəlb olunduğu üçün, kimisi isə siyasətdə və ictimai həyatda özünü təsdiq edə bilmədiyi üçün narazılıq nümayiş etdirir. Müasir reallıqda cəsarətli olmaq populist çıxışlar etmək demək deyil. Azərbaycan vətəndaşı üçün ən böyük cəsarət həqiqəti açıq şəkildə etiraf etmək və dövlətinin yanında dayanmaqdır. Xüsusilə sosial şəbəkələrdə yayılan populist çağırışlar və emosional yanaşmalar fonunda dövlətin sabitliyinin və təhlükəsizliyinin əhəmiyyətini dərk etmək və bunu açıq şəkildə ifadə etmək əsl vətəndaş mövqeyinin göstəricisidir".
Nuriyyə NATİQQIZI













