Amerika İranı zəiflədə bilməyəcək, müharibə uzanacaq – PROQNOZ
Yaxın Şərqdə davam edən müharibə fonunda tərəflərin bir-birinin banklarını, yanacaqdoldurma məntəqələrini, neft anbarlarını və digər mülki infrastrukturu hədəfə alması müşahidə olunur ki, bu da beynəlxalq humanitar hüququn prinsiplərinə zidd hesab edilir.
Mövzu ilə bağlı Redaktor.az-a danışan beynəlxalq hüquq üzrə mütəxəssis Əli Mustafa bildirdi ki, İsrail, Amerika və İran savaşı getdikcə xarakterini dəyişir:
"Yəni ilk günlər hərbi obyektlər vurulurdusa, dövlət idarələri və silahlı qüvvələrə məxsus yerlər hədəfdə idisə, indi sanki hara gəldi zərbələr endirilir. Buraya neft yataqları, yanacaqdoldurma stansiyaları, banklar, hərbçilərin yerləşdiyi yerlər, hətta otellər və digər infrastruktur obyektləri daxildir. Bəzi hallarda isə mülki infrastruktur və vətəndaş obyektləri də tərəflərin hədəfinə çevrilir. Bir tərəf bunu edir, sonra digər tərəf də eyni addımı atır. Beləliklə, bu gün Amerika-İran savaşı beynəlxalq humanitar hüququn müəyyənləşdirdiyi çərçivədən kənarda baş verir. Yəni müharibə qanunlarına əməl olunmur. Tərəflər bir-birinə zərbə endirmək, rəqibi zəiflətmək, nüfuzdan salmaq və infrastrukturu dağıtmaq üçün doğru hesab etdikləri addımları atırlar. Artıq burada hansısa çərçivə və beynəlxalq hüquq normaları faktiki olaraq işləmir. Düşünürəm ki, Yaxın Şərqdə yenidən böyük bir savaş başlayıb və bu, yaxın vaxtlarda başa çatmayacaq. Amerika İranı zəiflətməkdə, İran isə Amerikaya qarşı müqavimət göstərməkdə davam edəcək və ehtimal ki, əvvəl səsləndirilən müddətlərlə bağlı məsələlər də bir müddətdən sonra aktuallığını itirəcək".

Müsahibimiz əlavə etdi ki, İran Amerikanın və İsrailin ərazilərini və Amerikanın regiondakı obyektlərini və maraq dairələrini raketlərlə vurur:
"Bu raketlər kifayət qədər uzaq məsafəyə uça bilir, yəni İsrail ərazisinə qədər çatır. Burada "Xürrəmşəhr", "Səccil" və "Şahab" raketləri nəzərdə tutulur. Onlar kifayət qədər böyük dağıdıcı qüvvəyə malikdir, uzaq məsafəyə uça bilir və ən əsası hipersəs xüsusiyyətlərinə malik raketlərdir. Hava hücumundan müdafiə sistemləri onları dayandırmaqda çətinlik çəkir. Artıq İsrail də İran raketləri üçün birbaşa hədəfə çevrilib, eyni zamanda Amerikanın regiondakı obyektləri də hədəf altındadır. Bildiyim qədər Amerika artıq canlı qüvvə ilə hücum etməyi planlaşdırır, yəni əsgərləri İran ərazisinə göndərməyi düşünür. Bu baş verərsə, ilkin mərhələdə Amerika İranın müəyyən ərazilərini işğal edə bilər, xüsusilə körfəz bölgəsinə quru qoşunları çıxara və müəyyən ilkin uğurlar əldə edə bilər. Lakin sonrakı mərhələdə bu ağır bir savaşa çevrilə bilər və Amerikanın ciddi itkiləri ilə nəticələnə bilər. Çünki İran ordusu say baxımından kifayət qədər böyükdür və sona qədər vuruşmağa hazır görünür. Yəni İranın hərbi-siyasi rəhbərliyi savaşı davam etdirməkdə maraqlı görünür. Onlar artıq hansısa güzəştlərə getmək və ya təslim olmaq barədə düşünmürlər. Bu isə onu deməyə əsas verir ki, savaş uzanacaq. Bu müharibə yeni dünya düzəninin formalaşmasının əsas alətlərindən birinə çevriləcək. Bu gün Rusiya-Ukrayna savaşı hansı geostrateji və geo-iqtisadi xarakter daşıyırsa, bu savaş da oxşar xarakter daşıyacaq və regionun bir sıra dövlətlərini də əhatə edə bilər".
Əli Mustafanın sözlərinə görə, hazırda region dövlətləri bu münaqişəyə qarışmamağa çalışır və buna ciddi şəkildə səy göstərir.
"Lakin zaman keçdikcə onların maraqlarına toxunan məqamlar ortaya çıxa bilər və savaşın arealı genişlənə bilər. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, bu savaş uzanacaq, Amerika yaxın zamanlarda burada qələbə əldə edə bilməyəcək. İsrail üçün də kifayət qədər ciddi təhlükələr mövcuddur. İranın dövlət obyektləri vurulduğu kimi, İsrail ərazisindəki infrastruktur da zərbə altına düşə bilər. İranın öz ərazisində baş verən dağıntıların bənzəri İsrail ərazisində də yaşana bilər. Çünki İran raketləri artıq İsrailə qədər çata bilir. Amerika hökumət qurumlarında və Konqresdə də ciddi narazılıq mövcuddur. Xalqın böyük bir hissəsi narazıdır. Artıq Tramp barədə impiçment məsələsi gündəmə gətirilir. Bu gün Amerikada insanların təxminən 71 faizi Trampa impiçment tətbiq olunmasını istəyir. Bu vəziyyət müəyyən vaxtdan sonra ABŞ daxilində də ciddi siyasi problemlər yarada bilər və ümumilikdə Tramp hakimiyyəti getdikcə daha böyük risklərlə üz-üzə qalır. Təəssüf ki, Tramp bu savaşı dayandıra bilmir. Buna görə hesab edirəm ki, savaş uzanacaq və nəticədə Amerikanın zəifləməsinə, dünyada isə daha ciddi siyasi gərginliyin yaranmasına səbəb olacaq", - deyə o yekunlaşdırdı.
Nuriyyə NATİQQIZI













