"Avropa İttifaqı ölkələrinin təxminən yarıya yaxını Azərbaycanın rəsmi strateji tərəfdaşıdır"

 11:34 17.03.2026     372

"Antonio Koştanın Bakıya səfəri göstərir ki, Azərbaycanın həm Avropa İttifaqı, həm də Avropanın geosiyasi və iqtisadi proseslərində artan rolu var. Antonio Koştanın səfəri son dərəcə mürəkkəb bir dövrə təsadüf edir. Bu səfər həm Rusiya-Ukrayna müharibəsinin davam etdiyi, həm də Yaxın Şərqdə və İran ətrafında gərginliyin artdığı bir dövrdə baş verir. Belə bir şəraitdə Avropa İttifaqının ali rəhbərliyinin Azərbaycana səfəri ölkəmizin Avropa üçün strateji əhəmiyyətini bir daha göstərir".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Tural Gəncəliyev səsləndirdi.

O əlavə etdi ki, Azərbaycan və Avropa İttifaqı arasındakı münasibətlər son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Avropa Komissiyasının sədri Ursula fon der Leyenin Azərbaycana səfəri zamanı enerji sahəsində strateji tərəfdaşlıq haqqında memorandumun imzalanması Avropa İttifaqı üçün Azərbaycanın nə qədər əhəmiyyətli tərəfdaş olduğunu göstərən amillərdən biridir:

"Avropa institutlarının bəzən ölkəmizə qarşı müəyyən qeyri-adekvat bəyanatları olsa da, real siyasi və iqtisadi müstəvidə Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığının əhəmiyyəti daha aydın görünür. Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan qaz alır və ümumilikdə Azərbaycan qazının çatdırıldığı ölkələrin sayı Avropada 8-dən 16-ya çatır. Eyni zamanda, Avropa İttifaqının 27 üzv ölkəsindən üçdə biri Azərbaycanla strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Bu isə o deməkdir ki, Avropa İttifaqı ölkələrinin təxminən yarıya yaxını Azərbaycanın rəsmi strateji tərəfdaşıdır. Azərbaycanın həm geosiyasi, həm də iqtisadi əhəmiyyəti, xüsusilə Orta Dəhlizin və Xəzər regionunun rolunun artması ilə daha da güclənir. Birmənalı şəkildə demək olar ki, Avropa İttifaqının Mərkəzi Asiyaya və Çinə açılan qapılarından biri məhz Azərbaycandır. Bu baxımdan Çindən və Mərkəzi Asiyadan Avropaya çıxış üçün ən etibarlı və təhlükəsiz marşrutlardan biri Zəngəzur dəhlizi və Azərbaycandan keçən, son illərdə istifadəsi daha da genişlənən nəqliyyat xətləridir".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən