"Avropa İttifaqı ilə ABŞ arasında münasibətlər getdikcə daha da gərginləşir" - Deputat
"Avropa İttifaqı ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlər getdikcə daha da gərginləşir. Nəticə etibarilə bu vəziyyət ənənəvi beynəlxalq münasibətlər sistemində Avroatlantik blokun zəifləməsi kimi qiymətləndirilə bilər. Hazırkı mənzərə onu göstərir ki, bu gərginlik bir qədər də arta bilər".
Bu fikirləri Redaktor.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi.
Onun sözlərinə görə, məsələyə fərqli prizmadan yanaşdıqda aydın olur ki, ABŞ/İsrail-İran müharibəsində iqtisadi və enerji təminatı baxımından ən çətin vəziyyətə düşən tərəf məhz Avropadır:
"Münasibətləri gərginləşdirən əsas amillərdən biri də budur. Doğrudur, Avropa formal olaraq ABŞ-yə dəstək verir, lakin bu dəstəyin tam və birmənalı olduğunu demək çətindir. Xüsusilə Donald Trampın son müraciətinə verilən nisbətən soyuq reaksiya da bunu göstərir. Digər mühüm məqam ondan ibarətdir ki, hər hansı münaqişənin həllində iştirak postmünaqişə mərhələsində müəyyən üstünlüklər və “dividentlər” əldə etmək imkanı yaradır. Hazırda biz sonu müəyyən qədər proqnozlaşdırılan, lakin müddəti qeyri-müəyyən olan bir müharibənin şahidiyik. Bu müharibədən sonra yeni enerji düzəni və Körfəz regionunda yeni münasibətlər sistemi formalaşa bilər".
Millət vəkili qeyd etdi ki, belə bir şəraitdə Avropa İttifaqının ehtiyatlı və bəzən qeyri-aktiv görünən mövqeyi onun postmüharibə dövründə, xüsusilə neft kimi strateji resurslar ətrafında formalaşacaq yeni düzəndə iştirak imkanlarını məhdudlaşdıra bilər:
"Bu baxımdan, bu siyasəti tam uzaqgörən hesab etmək çətindir. Digər tərəfdən, Donald Trampın liderliyi ilə ABŞ-nin İsrail ilə birlikdə postmüharibə dövründə daha dominant rol oynamaq ehtimalı artır. Bu isə Avropanın yenidən daha zəif mövqedə qalması riskini gündəmə gətirir. Nəticə etibarilə, mövcud vəziyyəti müəyyən mənada ABŞ-nin qismən təklənməsi kimi qiymətləndirmək olar. Lakin bu prosesin qalıcı deyil, daha çox müvəqqəti xarakter daşıdığı ehtimalı daha yüksək görünür".
Xədicə BAXIŞLI













