Köçəryan yenidən hakimiyyətə gələ bilər? - Deputatdan AÇIQLAMA
Bildiyimiz kimi, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan iyunun 7-də keçiriləcək seçkilərdə müxalifətdəki Hayastan blokunun baş nazirliyə namizədi olub.
Köçəryanın baş nazir seçilməsi nə qədər realdır? O, hökumət başçısı seçilərsə, bu, Ermənistan-Azərbaycan münasibətlərinə necə təsir edər?
Milli Məclisin deputatı Vüqar Bayramov Redaktor.az-a açıqlamasında bildirdi ki, Ermənistanda parlament seçkilərində kimin qalib gəlməsi həmin ölkənin daxili işidir:
"Lakin bu seçkilərin nəticələri ümumilikdə regiona, xüsusilə də Azərbaycan-Ermənistan arasındakı sülh danışıqlarına müəyyən təsir göstərə bilər. Mövcud müşahidələr və Ermənistan daxilində keçirilən rəy sorğuları göstərir ki, Robert Köçəryan və onu dəstəkləyən siyasi qüvvələrin növbəti seçkilərdə qalib gəlmə ehtimalı olduqca aşağıdır. Belə ki, yaxın zamanda Ermənistanda "International Republican Institute" tərəfindən keçirilən sorğunun nəticələrinə əsasən, əhalinin ən çox dəstəklədiyi siyasi qüvvə yenə də hakim partiyadır. Sorğuda qeyd olunur ki, növbəti seçkilərdə məhz hakim partiyanın daha çox səs toplamaq imkanları yüksəkdir".
Millət vəkili qeyd etdi ki, həm sorğular, həm də ümumi müşahidələr Köçəryanın namizəd kimi qalib gəlmə şanslarının real olmadığını göstərir:
"Digər tərəfdən, Köçəryanla bağlı Ermənistanda cinayət işinin başlanması və onun fəaliyyəti ilə bağlı mübahisəli məqamlar da ictimai rəyə təsir edən amillər sırasındadır. Bununla yanaşı, Azərbaycan sülh gündəliyinə sadiq qalır və ölkənin əsas mövqeyi regionda davamlı sülh və əməkdaşlığın təmin olunmasıdır".
Xədicə BAXIŞLI













