“Bir fiqur sıradan çıxsa, yerini bir neçə namizəd doldura bilər” - Politoloq İrandakı proseslərdən DANIŞDI

 14:48 19.03.2026     533

Yaxın Şərqdə davam edən gərginlik fonunda İranda siyasi və hərbi rəhbərliyə qarşı məqsədyönlü zərbələrin artdığı müşahidə olunur. Nazir, komandan və yüksək vəzifəli şəxslərin sıradan çıxarılması ölkənin idarəetmə sisteminə birbaşa təsir edən amil kimi qiymətləndirilir. 

Bununla belə, sual ortaya çıxır: bu prosesin nəticəsi necə olacaq və İranda hakimiyyətin gələcək modeli hansı istiqamətdə formalaşa bilər? 

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən politoloq Sədrəddin Soltan bildirdi ki, bunların hamısı İranda hakimiyyət böhranının yaranmasına hesablanmış bir taktikadır:

"İranda bütün aparıcı fiqurlar bu və ya digər şəkildə sıradan çıxarılır, neytrallaşdırılır, fəaliyyət qabiliyyəti azaldılır. Bəzi hallarda isə onların fəaliyyəti tamamilə dayandırılır və ya fiziki olaraq aradan qaldırılır. Bundan sonra hakimiyyətdə müəyyən boşluq yaranır. Bu da ölkədə xaosun formalaşmasına və xarici qüvvələrin dəstəyi ilə keçid hökumətinin qurulmasına şərait yaradır. Lakin hələ ki, İranda belə bir vəziyyət mümkün deyil. Çünki ölkədə vəziyyət fərqlidir. Bir şəxs sıradan çıxarıldıqda onu əvəz edə biləcək bir neçə kadr mövcuddur. Hətta bir aparıcı vəzifə üçün yeddi potensial namizədin olması ehtimal olunur. Buna görə də yaxın dövr üçün belə bir böhranın yaranma ehtimalı aşağı qiymətləndirilir".

Siyasi şərhçinin sözlərinə görə, İranda hakimiyyət əsasən İran İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) nəzarəti altındadır.

"Bundan əvvəl ölkədə baş verən hadisələrə Əli Laricani məsuliyyət daşıyırdı. SEPAH-la prezident arasında müəyyən qarşıdurmanın mövcud olduğu barədə fikirlər səslənir. Buna görə də növbəti mərhələdə Əli Laricaninin yerini tutacaq şəxsin kim olacağı məsələnin inkişaf istiqamətini müəyyən edə bilər. Səid Cəlilinin Əli Laricanini əvəz edəcəyi barədə xəbər yayılıb. Səid Cəlili mühafizəkar xəttin nümayəndəsidir. Son prezident seçkilərində ikinci tura yüksələn namizədlərdən biri olub. O, sərt xətt tərəfdarıdır və danışıqlarda İran nümayəndə heyətinə rəhbərlik edib. Əgər onun Əli Laricanini əvəz etməsi reallaşarsa, bu, İranda hakimiyyətin fəaliyyətinin daha da radikallaşmasına və sərtləşməsinə gətirib çıxara bilər. Buna görə də İranda hazırda hakimiyyət böhranının yarandığını demək çətindir. Çünki hakimiyyət yeni qüvvələri meydana çıxarmaq, onları təşkil etmək və prosesə səfərbər etmək imkanına malikdir", - deyə S.Soltan bildirdi.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən