"İran riskləri nəzərə alaraq ölkə daxilində 30-a yaxın hərbi-siyasi mərkəz formalaşdırıb" - AÇIQLAMA
"İranın rəhbər şəxslərinin öldürülməsi ilə bağlı çox təhlükəli bir presedent yaranıb".
Bunu Redaktor.az-a açıqlamasında politoloq Turab Rzayev İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani və ölkənin kəşfiyyat rəhbərinin İsrailin Tehrana endirdiyi zərbələr nəticəsində həlak olmasından danışarkən bildirdi.
O vurğuladı ki, İrana hücumlar zamanı beynəlxalq normalara riayət olunmur:
"Əvvəlcə Əli Xameneinin öldürüldüyü səsləndirildi, daha sonra İranın yüksək rütbəli dini və hərbi elitasının hədəf alındığı bildirildi. Eyni zamanda İran tərəfi də Benyamin Netanyahunun vurulması və öldürülməsi ilə bağlı iddialar da irəli sürür. Əslində bu, dünyanın daha qeyri-stabil və beynəlxalq qaydaların gözlənilmədiyi bir mərhələyə keçdiyini göstərir. Burada İsrailin məqsədi aydın görünür: İranı lidersiz qoymaq".
Müsahibimizin sözlərinə görə, İsrail hesab edir ki, İranın hərbi və siyasi elitasını nə qədər zəiflədə bilsə, ölkənin müqavimət imkanları da bir o qədər azalacaq:
"Bu halda həm hərbi, həm də siyasi idarəetmə zəifləyəcək və ölkə üzərində nəzarət çətinləşəcək. İran isə bu riskləri nəzərə alaraq ölkə daxilində təxminən 30-a yaxın hərbi-siyasi mərkəz formalaşdırıb. Hər vilayət müəyyən mənada öz müqavimət mexanizmini quraraq ayrıca fəaliyyət göstərir. Lakin bu mərkəzlər də hədəfə alınarsa və potensial lider qüvvələr zəiflədilərsə, nəticədə ölkədə siyasi hakimiyyət boşluğu yarana bilər. Hazırda bunun ciddi effekt verdiyini demək çətindir. İranda hələ ki, belə bir dağılma müşahidə olunmur. Ancaq uzunmüddətli perspektivdə siyasi və dini rəhbərliyin sistemli şəkildə aradan qaldırılması mərkəzi komandanlığın zəifləməsinə səbəb ola bilər. Mərkəzi nəzarətin itməsi isə birmənalı şəkildə müsbət və ya mənfi qiymətləndirilə bilməz. Bu, eyni zamanda daha təhlükəli bir vəziyyət də yarada bilər. Belə ki, ayrı-ayrı hərbi qruplar və ya generallar mərkəzi hakimiyyətdən asılı olmadan öz qərarlarını verə, istədikləri ərazilərə zərbələr endirə bilərlər. Nəticədə fərdi maraqlar, şəxsi hesablaşmalar və qarşıdurmalar ön plana çıxa bilər. Bu isə daha idarəolunmaz, xaotik və təhlükəli bir dövrün başlanğıcı ola bilər".
Xədicə BAXIŞLI













