"Geri çəkilmək ABŞ üçün tarixi fürsəti itirməkdir" - Deputat
"Amerika Birləşmiş Ştatları, İsrail və İran arasındakı münaqişə fonunda biz hazırda diplomatiyanın və söz müharibəsinin yeni, fərqli bir təzahürünə şahidlik edirik. Bu prosesdə rəsmi açıqlamalar mövcud reallığı ifadə etməkdən ziyadə, strateji niyyətlərin gizlədilməsinə xidmət edir. Belə bir dumanlı informasiya mühiti analitiklərin hadisələrin gedişatı ilə bağlı obyektiv proqnozlar verməsini çətinləşdirir, çünki eyni rəsmi şəxs tərəfindən səsləndirilən fikirlər belə bəzən vahid bir cümlə daxilində ziddiyyət təşkil edə bilir".
Bu fikirləri Redaktor.az-a millət vəkili Hikmət Babaoğlu Ağ Evin mətbuat katibi Karolin Levitin ABŞ Prezidenti Donald Trampın müharibəni bitirmək istədiyindən bəhs etdiyi müsahibəsindən danışarkən bildirdi.
"Ağ Evin mətbuat katibi Karolin Levitin son mətbuat konfransındakı çıxışına da məhz bu prizmadan yanaşmaq zəruridir. Onun nitqində heç bir konkretliyin olmaması, xüsusilə "Prezident Donald Tramp yaxın günlərdə İranla razılığa gəlmək istəyir" kimi ifadələr real fəaliyyətdən çox, sadəcə bir arzu və ya niyyətin nümayişi təsirini bağışlayır. Bu cür bəyanatlar özlüyündə çoxsaylı suallar doğurur: Qarşı tərəf bu razılıqda maraqlıdırmı, ABŞ-nin bu istəyi nə dərəcədə səmimidir və mövcud geosiyasi şərtlər belə bir kompromisə nə dərəcədə imkan verir? Əslində, son dövrlər Amerika diplomatiyasına xas olan bu üslub cavab verməkdən çox, yeni suallar yaratmağa hesablanıb", - deyən deputat əlavə etdi ki, bütün bunları nəzərə alaraq, müharibənin yaxın vaxtlarda başa çatacağını və ABŞ-nin geri çəkiləcəyini düşünmək inandırıcı görünmür:
"Vaşinqtonda yaxşı dərk edirlər ki, indiki şərtlərdə geri addım atmaq böyük bir tarixi fürsəti əldən vermək və ABŞ-nin hegemon dövlət reputasiyasına sarsıdıcı zərbə vurmaq deməkdir. Eyni zamanda İran da sona qədər mübarizə aparmaqdan başqa çıxış yolunun olmadığını anlayır. Tehran üçün müharibəni dayandırmaq və ya davam etdirmək seçimi, mahiyyət etibarilə, qaçılmaz və ağır nəticələrin fərqli formaları kimi görünür".
Xədicə BAXIŞLI













