NATO üzvləri ABŞ-nin çağırışına niyə "yox" deyir? - AÇIQLAMA
"ABŞ və İran arasındakı gərginlik fonunda NATO-nun tutduğu mövqe Vaşinqtonla müttəfiqləri arasındakı çatları daha qabarıq büruzə verməkdədir. Xüsusilə Hörmüz boğazına nəzarət məsələsində ABŞ Prezidenti Donald Trampın israrlı çağırışlarına baxmayaraq, bir sıra NATO üzvlərinin hərbi gəmi göndərməkdən imtina etməsi bu soyuqluğun göstəricisidir. Avropa dövlətlərinin "bu bizim savaşımız deyil" deməsi və Amerikanın qərarlarında onlarla məsləhətləşməməsini əsas gətirməsi, əslində İrandan gələ biləcək birbaşa təhdidlərdən sığortalanmaq istəyindən xəbər verir. Trampın NATO-nu "kağız pələng" adlandırması və Rusiya Prezidenti Vladimir Putinin də bundan xəbərdar olduğunu bildirməsi Amerika ilə Avropa arasında ciddi bir ayrılma ehtimalını yenidən gündəmə gətirir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Əli Mustafa səsləndirdi.

O, əlavə etdi ki, Amerikanın NATO-dan çıxması ilə bağlı mülahizələr yeni olmasa da, mövcud İran-ABŞ qarşıdurması Trampın bu arqumentlərini daha da gücləndirir.
"Bu kontekstdə Marko Rubio və Ceyms Devid Vens kimi simaların mövqeyi xüsusi maraq doğurur. Vens daha müstəqil fikirləri ilə seçilsə də, Rubio bir qayda olaraq Trampın siyasi xəttinə və ovqatına uyğun ritorika sərgiləyir. Rubionun açıqlamaları əslində Trampın niyyətlərinin bir növ əks-sədası hesab oluna bilər. Lakin bu gərginliyin nə dərəcədə real olduğu, yoxsa pərdəarxası razılaşmalara söykəndiyi hələ də müzakirə mövzusudur. Ola bilsin ki, tərəflər arasında strateji bir bölgü mövcuddur: yəni Şərq cəbhəsinə Amerika, Qərb cəbhəsinə isə NATO-nun Avropa qanadı nəzarət edir və üzdə görünən polemika sadəcə siyasi manevrdir. Artıq ikinci aya keçən İran-ABŞ müharibəsi həm də hüquqi bir çərçivəyə daxil olur. ABŞ prezidentinin Konqresin razılığı olmadan savaşı uzun müddət davam etdirmək səlahiyyətinin məhdudluğu onu çətin seçim qarşısında qoyur: ya prosesi yekunlaşdırmalı, ya da Konqresdən çətin görünən bir dəstək almalıdır. Amerika tərəfi artıq müharibəni bitirməyə meyilli görünsə də, İranın bu geri çəkilməyə necə reaksiya verəcəyi və prosesin hansı sonluqla bitəcəyi hələlik açıq sual olaraq qalır", - deyə siyasi şərhçi yekunlaşdırdı.
Xədicə BAXIŞLI













