"Müharibənin Xəzərə sıçraması riski Azərbaycan üçün ciddi narahatlıq doğururdu" - Deputat

 19:16 08.04.2026     432

"ABŞ/İsrail və İran arasında iki həftəlik atəşkəs elan edildi. Bu atəşkəs həm qlobal miqyasda, həm də Xəzər hövzəsi və Cənubi Qafqaz regionu üçün strateji əhəmiyyət kəsb edən mühüm bir addımdır. Xüsusilə son dövrlərdə hərbi əməliyyatların İranın Xəzər sahili şəhərlərinə qədər uzanması müharibənin birbaşa Xəzər regionuna sıçraması riskini yaradırdı ki, bu da Azərbaycan kimi sülh gündəliyi ilə çıxış edən ölkələr üçün ciddi narahatlıq doğururdu. Ermənistanla münaqişəni başa vurduqdan sonra bölgəni sabitlik məkanına çevirməyə çalışan Azərbaycan üçün bu gərginliyin azalması olduqca müsbət bir inkişafdır".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirdi. Onun sözlərinə görə, Azərbaycanın xarici siyasəti ABŞ, Rusiya və İran kimi böyük güclərlə praqmatik və konstruktiv hesablamalar üzərində qurulub:

"Bu münasibətlər konyunktur dəyişikliklərdən və ya müharibələrin gedişatından asılı deyil. Ölkə rəhbərliyinin dərin dövlət düşüncəsi və strateji planlaması sayəsində Azərbaycanın böyük güclərin oyunlarından kənarda qalaraq öz müstəqil mövqeyini qoruması dövlətimizin ən böyük gücüdür. İlham Əliyevin son Gürcüstan səfəri də bir daha təsdiq etdi ki, rəsmi Bakı regionda əməkdaşlığa üstünlük verir və tərəfdaşları ilə münasibətlərini heç kimdən asılı olmadan, normal axarında davam etdirir.

Atəşkəsin mahiyyətinə gəldikdə isə görünən odur ki, bu proses Amerikanın hədəflərinə tam çatmaması ilə nəticələndi. Vaşinqton və Təl-Əvivin İranın nüvə və raket potensialını məhv etmək, eləcə də rejim dəyişikliyinə nail olmaq planları reallaşmadı. Pakistanın vasitəçiliyi ilə irəli sürülən şərtlərdə Amerikanın əsas tələblərinin nəzərə alınmaması, əksinə, İranda daxili siyasi qütbləşmənin daha radikal və anti-amerikan xəttə meyil etməsi Qərb koalisiyası üçün strateji bir səhv kimi qiymətləndirilə bilər. Əvvəllər mövcud olan siyasi sütunların zəifləməsi İranın daha sərt mövqe tutmasına şərait yaradıb ki, bu da aprelin 10-da Pakistanda keçiriləcək danışıqlarda İranın geri çəkilməyəcəyindən xəbər verir".

Millət vəkilinin fikrincə, müharibənin digər mühüm nəticəsi isə Yaxın Şərqdə Rusiya və xüsusilə Çinin mövqelərinin güclənməsidir.

"Pekinin İrana verdiyi siyasi, diplomatik və bəzi məlumatlara görə kəşfiyyat xarakterli dəstək Amerikanın Çin faktorunu ciddi şəkildə nəzərə almasını qaçılmaz etdi. Bu müharibə Amerikanın regiondakı müttəfiqləri, xüsusən körfəz ölkələri üçün ABŞ-nin hərbi çətirinin təhlükəsizlikdən daha çox risk yaratdığını nümayiş etdirdi. Nəticədə ərəb dünyası öz strateji tərəfdaşlıqlarını diversifikasiya etməyə, Çin, Rusiya və Avropa İttifaqı (Fransa, Britaniya) ilə yeni təhlükəsizlik formatları axtarmağa başlayacaq. Bu proses Amerikanın qlobal hegemonluğunun sarsıldığını və regiondakı resurslar uğrunda mübarizədə yeni oyunçuların aktivləşdiyini təsdiqləyən bir dönüş nöqtəsidir", - deyə Tural Gəncəliyev vurğuladı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən