"İran liman blokadasına hərbi istiqamətdə də cavab verə bilər" - AÇIQLAMA
ABŞ Prezidenti Donald Tramp bildirib ki, 13 aprel Bakı vaxtı ilə saat 18.00-da İran limanlarına daxil olan və ya oradan çıxan gəmiləri blokadaya alacaqlar.
Belə bir blokadanın baş verməsi hansı nəticələrə səbəb ola bilər?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Zaur Məmmədov bildirdi ki, Donald Trump uzun müddətdir düşünür ki, İrana necə təzyiq edə bilər:

"Məlumdur ki, müharibə vasitəsilə bunu etmək çətin göründüyü üçün blokada vasitəsindən istifadə etmək istəyir. Hər halda bunu Venesuelaya qarşı etmişdi. Amma məlumdur ki, Venesuela İran deyil, İran da Venesuela deyil, onlar bir-birindən çox fərqlidirlər. Çox güman ki, İran bu blokadaya bu və ya digər şəkildə hərbi istiqamətdə də cavab verə bilər. Amma indiki halda doğrudan da ABŞ üçün ən real yol məhz İran gəmilərinin blokadaya daxil edilməsidir. Bu, təkcə İran gəmiləri ilə məhdudlaşmır, eyni zamanda Çin və İrana yaxın olan ölkələrin iqtisadi resurs imkanlarına da təsir edəcək bir vasitədir. Hər halda, əgər İran Hörmüz boğazı vasitəsindən təzyiq aləti kimi istifadə edirsə, ABŞ də öz donanmasından istifadə edərək bu vasitə ilə Tehrana cavab vermək istəyir. Baş verənlər ciddi hadisələrdir və dünyanın iqtisadi, maliyyə mənzərəsinə ən azı yaxın bir neçə ayda ciddi təsir edəcək".
NURİYYƏ













