"Tərəflər şərtlərini dəyişməlidir, əks təqdirdə hava hücumları yenidən başlayacaq" - AÇIQLAMA
"Bütün dünyanın diqqət mərkəzinin İslamabadda olduğu bir dönəmdə ABŞ-İsrail görüşü baş tutdu və bu görüşün əvvəlkilərdən əsas fərqi belə gərginlikdən, belə qarşıdurmadan və müharibədən sonra, həmçinin ABŞ ilə İranın bir-birini açıq şəkildə çox təhlükəli formada ittiham etdiyi məqamda keçirilməsi oldu. Bu, İslamabadda keçirilən ilk belə görüşdür və eyni zamanda, ümumilikdə 1979-cu ildə İranda hazırkı rejimin formalaşmasından sonra ABŞ-İran qarşıdurmasının mövcud olduğu 50 ilə yaxın dövrdə bu səviyyədə keçirilən ilk görüş idi. İran bu görüşdə ABŞ-nin vitse-prezidentini masaya oturtmağa nail olduğu üçün bunu özü üçün uğur hesab edir, amma ümumilikdə nəticə baxımından bu görüş o qədər də uğurlu alınmadı".
Bu fikirləri Redaktor.az-a danışan politoloq Xəyal Bəşirov bildirdi. O əlavə etdi ki, ilk görüş üçün ciddi və uğurlu nəticənin əldə olunacağını düşünmək sadəlövhlük olardı:
"Bu, o qədər də real görünmürdü. Hər halda görüş baş tutdu və görüşdən əvvəl proqnozlar da o qədər nikbin deyildi. Çünki tərəflər bir-birinə daban-dabana zidd çoxlu şərtlər irəli sürürdü. Eyni zamanda, şərtlərlə paralel şəkildə, tərəflər masaya oturmadan əvvəl və oturarkən də bir-birinə qarşı açıq təhdidlər və diktələr səsləndirirdi. Buna görə də görüş təbii olaraq belə bir ab-havada keçdi. Bununla bağlı məlumat yayıldı ki, İranın xarici işlər naziri Abbas Əraqçi ilə Donald Trampın nümayəndəsi Stiv Uitkoff arasında hətta əlbəyaxa qarşıdurma səviyyəsinə çatan gərginlik yaşandı. Ola bilsin burada söz davası və ya sərt mübahisə oldu, lakin hər halda bu fakt görüşün gərgin keçdiyini göstərir. 21 saatdan artıq davam edən bu görüşdə nəticənin olmaması danışıqların davam etməyəcəyi və ya nəticə verməyəcəyi demək deyil. Amma tərəflər şərtlərini dəyişməlidir. Bu qədər ziddiyyətli şərtlərlə görüşün nəticə verməsi çətin görünür".
.jpg)
Müsahibimizin sözlərinə görə, bu görüşdən əvvəl İranın şərtlərini qəbul edib, daha sonra onlardan imtina etdiyini və bunu süni intellektin hazırladığı iddia edilən yanaşma ilə əsaslandırdığını bildirən ABŞ tərəfi yenə də qeyri-səmimi mövqe sərgilədi.
"Bunun səbəbi ondan ibarətdir ki, artıq iki dəfə ABŞ-nin danışıqlar fonunda İrana hücum etməsi və prosesi pozması müşahidə olunub. Buna görə də ABŞ-yə, xüsusilə də Tramp hakimiyyətdə olduğu dövrdə bu administrasiyaya İran tərəfindən və ümumilikdə prosesdə maraqlı qüvvələr tərəfindən etimad azdır. Amma proses davam edəcək. Görüşdən sonra dənizdə, İran körfəzində müəyyən atışmalar və qarşıdurmaların baş verməsi, yaxud hava hücumlarının yenidən başlanması ehtimalı var. Buna baxmayaraq, tərəfləri yenidən masa arxasına toplamaq təşəbbüsünün ABŞ tərəfindən gələcəyi ehtimal edilir. Çünki neft qiymətlərinin artması ABŞ-nin təhlükəsizlik zəmanəti verdiyi və neft daşınmasına təminatçı olduğu dövlətlərə təsir edir və bu ölkələrin təzyiqləri ABŞ-ni addım atmağa məcbur edir. Buna görə Donald Tramp nə qədər pafoslu və populist çıxışlar etsə də, ABŞ-nin gücünü vurğulasa və istifadə etmədiyi silahları işə sala biləcəyini desə də, İranı qısa müddətdə məhv edə biləcəyini iddia etsə də, bu bəyanatların arxasında real əsas görünmür. Əgər belə imkan olsaydı, o zaman ABŞ rəhbərliyi Islamabadda danışıqlara getməz və vitse-prezidentini ora göndərməzdi.
Bu, daha çox psixoloji təsir yaratmağa yönəlmiş addımlar kimi qiymətləndirilir. Bu mərhələ artıq geridə qalır, çünki qarşı tərəf bu yanaşmanı ciddi qəbul etmir. Real nəticə üçün konkret addımlar atılmalıdır. Məsələn, İranın dondurulmuş aktivlərinin azad edilməsi, məhdudiyyətlərin aradan qaldırılması və ya İranın körfəzdəki nəzarət imkanlarının müəyyən formada qəbul edilməsi kimi addımlar vacibdir. ABŞ bu istiqamətdə real addımlar atmasa, belə danışıqların əhəmiyyəti olmayacaq. İran da ABŞ-nin qəbul etmədiyi şərtlərə qarşı öz qəbul edilməyən şərtləri ilə cavab verir və bu vəziyyət prosesi daha da çətinləşdirir. Buna görə də ilk hücum edən tərəf kimi ABŞ və İsrail real addımlar atmalıdır. İsrail hücumları dayandırsa və ABŞ İrana münasibətdə konkret addımlar atsa, o zaman danışıqların nəticə verməsi mümkündür. Ümumilikdə isə danışıqlar prosesinin yenidən bərpa olunacağı ehtimal edilir. Bu prosesin yalnız danışıqlar yolu ilə həll olunması mümkündür və danışıq mərhələsi olmadan onun başa çatması real görünmür", - deyə X.Bəşirov yekunlaşdırdı.
NURİYYƏ













