“Proseslərin arxasında Tehranın maraqları dayanır” - İlqar Vəlizadə
""Hizbullah" təşkilatının İranla sıx bağlılığı hamıya məlumdur. Mövcud şəraitdə böyük ehtimalla təşkilatın rəhbərliyi İran hakimiyyəti ilə bu və ya digər formada koordinasiyalı şəkildə fəaliyyət göstərir. Buna görə də burada yalnız "Hizbullah"dan danışmaq düzgün olmaz. Proseslərin arxasında Tehranın maraqlarının dayandığını da nəzərə almaq və bu maraqları ayrıca təhlil etmək lazımdır".
Bunu Redaktor.az-a ABŞ, İsrail və Livanın birbaşa danışıqlara başlamağa razılaşdıqlarını şərh edən politoloq İlqar Vəlizadə bildirdi.
O qeyd etdi ki, regionda genişmiqyaslı qarşıdurma gedir və bu münaqişədə müxtəlif cəbhələrdə fərqli güclər iştirak edir:
""Hizbullah" da bu qarşıdurmanın tərkib hissəsidir. Əgər müharibənin gedişində ciddi dönüş baş vermirsə, bu həm də müəyyən razılaşmaların icra olunmaması ilə bağlıdır. Məsələn, İranla ABŞ arasında aparılan danışıqlarda Livandakı vəziyyət və "Hizbullah"la bağlı konkret müddəalar müzakirə olunmuşdu. Görünən odur ki, həmin müddəalar tam yerinə yetirilmir və nəticədə vəziyyət qeyri-müəyyən olaraq qalır. Elə bu səbəbdən tərəflər yekun razılığa gələ bilmirlər. Digər məsələlər də mövcuddur, lakin "Hizbullah" mövzusu prinsipial məsələlərdən biridir".
Müsahibimiz qeyd etdi ki, İranın əsas tələblərindən biri "Hizbullah"a qarşı bütün hərbi əməliyyatların dayandırılmasıdır:
"Livan-İsrail münasibətlərində isə vəziyyət daha mürəkkəbdir. Əslində, İsrailin Livan dövləti ilə birbaşa problemi yoxdur, lakin "Hizbullah" amili bu münasibətləri gərginləşdirir. Bəzi ərazi və təhlükəsizlik məsələləri də zaman-zaman Livan rəhbərliyi tərəfindən gündəmə gətirilir. Digər tərəfdən, "Hizbullah"a bağlı və onu dəstəkləyən kütlə Livan cəmiyyətinin əhəmiyyətli hissəsini təşkil edir".
Ekspert vurğuladı ki, baş verən hadisələr Livan hakimiyyətini çətin seçim qarşısında qoyur:
"Ya təşkilata qarşı açıq mübarizəyə başlasın ki, bu da vətəndaş müharibəsi riskini artırır, ya da İsraillə müəyyən ortaq məxrəcə gəlməyə çalışsın.
İsrailin mövqeyi isə ondan ibarətdir ki, əgər Livan hakimiyyəti "Hizbullah"la mübarizəyə başlasa, İsrail bu prosesdə ona dəstək verə bilər. Bu isə faktiki olaraq daxili qarşıdurma fonunda xarici dəstəyin mümkünlüyünü gündəmə gətirir və "Hizbullah"la bağlı planların həyata keçirilməsi üçün yeni bir ssenari ehtimalını ortaya qoyur. Ümumilikdə, yaranan mənzərə regionda mürəkkəb və çoxqatlı geosiyasi qarşıdurmanın davam etdiyini göstərir".
Xədicə BAXIŞLI













