İsrail Livanla atəşkəsi niyə pozdu? - "Mesaj xarakteri daşıyır"
Dünən İsrail və Livan arasında 10 günlük atəşkəs elan olunduğu bildirilsə də, bu gün İsrail tərəfinin Livana hücum etdiyi və nəticədə ölən və yaralananların olduğu qeyd edilir.
Belə olan halda əsas sual yaranır: atəşkəsin elan olunmasına baxmayaraq, vəziyyət niyə yenidən gərginləşir və İsrail atəşkəsi pozmaqla hansı məqsədləri güdür?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Yusif Bağırzadə bildirdi ki, İsrail-Livan xəttində gərginlik adətən bir neçə paralel siyasi və hərbi məntiqin üst-üstə düşməsi ilə formalaşır:
%20(1).jpg)
"Hazırda atəşkəs elan olunmasına baxmayaraq hücum xəbərlərinin gəlməsi onu deməyə əsas verir ki, İsrail tərəfi atəşkəsi daha çox taktiki fasilə kimi görür. Yəni tam sabitlik deyil, əməliyyatların yenidən qiymətləndirilməsi və müəyyən hədəflərin dəqiqləşdirilməsi üçün qısa dayandırma mərhələsi. Bu yanaşmada əsas məqsəd potensial təhlükə mənbəyi hesab edilən strukturların və ya hərbi imkanların tam sıradan çıxarılmasıdır.
Hazırda İsrail tərəfi zərbələrin endirilməsini cavab zərbələri kimi əsaslandırır. Hizbullah kimi aktorların mövcudluğu İsrail üçün təhlükəsizlik təhdidi kimi qiymətləndirilir və bu kontekstdə istənilən atəşkəs çox vaxt tam etimad üzərində qurulmur. Livan hökumətinin Hizbullah üzərində təsir imkanlarının olmaması və Hizbullahın İsrail-Livan danışılqarını qəbul etməməsi də atəşkəsin davamlılığını şübhə altına alır. Daha bir faktor isə daxili və regional çəkindirmə məntiqidir. Tarix göstərir ki, İsrail bəzən hərbi güc tətbiqini yalnız konkret təhlükəni aradan qaldırmaq üçün deyil, həm də qarşı tərəfə gələcək eskalasiyanın baha başa gələcəyini göstərmək üçün istifadə edir. Bu, klassik çəkindirmə strategiyasının bir hissəsidir və mesaj xarakteri daşıyır. Yəni İsrail demək istəyir ki, atəşkəs pozularsa, cavab daha sərt olacaq. Bununla yanaşı, belə addımların risk tərəfi də var. Atəşkəsin çox qısa müddət sonra pozulması diplomatik etimadı zəiflədir və tərəfləri yenidən eskalasiya spiralına qaytarır. Bu isə artıq lokal toqquşmaların daha geniş regional qarşıdurmaya çevrilməsi riskini artırır".
NURİYYƏ













