"İlham Əliyevin müraciəti Azərbaycanın yeni reallıqlarını əks etdirir" - Razi Nurullayev

 15:27 20.04.2026     567

Prezident İham Əliyev BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının sessiya iştirakçılarına müraciətində bildirib ki, artan geosiyasi gərginlik və genişlənən münaqişələr beynəlxalq sülh və təhlükəsizliyin nə qədər həssas olduğunu göstərir. 

Mövzu ilə bağlı Redaktor.az-a danışan deputat Razi Nurullayev bildirdi ki, Prezident İlham Əliyevin müraciəti ona ümumilikdə Azərbaycanın son illərdə keçdiyi yolun və formalaşdırdığı yeni reallıqların məntiqi təqdimatı kimi göründü:

"Əvvəla, artan geosiyasi gərginlik fonunda beynəlxalq təhlükəsizlik məsələlərinin həssaslığına diqqət çəkilməsi tam yerindədir. Dünya artıq əvvəlki kimi sabit deyil və bu şəraitdə hər bir dövlətin öz milli maraqlarını qorumaqla yanaşı, daha çevik və praqmatik siyasət yürütməsi vacibdir. Azərbaycanın suverenlik və ərazi bütövlüyü prinsipinə sadiqliyi xüsusi vurğulanır və bu, təsadüfi deyil. Çünki ölkəmiz bu prinsipi təkcə bəyanatlarla yox, konkret nəticə ilə ərazi bütövlüyünün bərpası ilə sübut edib. Bu, beynəlxalq hüququn selektiv yox, real tətbiqinin nümunəsi kimi təqdim olunur. Ermənistanla sülh gündəliyinin formalaşması və hərtərəfli ticarət münasibətlərinə keçid ehtimalı region üçün yeni mərhələnin başlanğıcıdır. Bu, yalnız siyasi deyil, həm də iqtisadi baxımdan uzunmüddətli sabitlik üçün əsas yarada bilər. Amma burada prosesin həssas olduğunu və qarşılıqlı etimadın hələ tam formalaşmadığını da nəzərə almaq lazımdır. Azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri və artıq on minlərlə insanın geri qayıtması dövlət siyasətinin praktik nəticəsidir. Bununla belə, mina problemi hələ də ciddi təhlükə olaraq qalır və bu məsələ həm humanitar, həm də təhlükəsizlik baxımından beynəlxalq diqqət tələb edir. Ümumilikdə müraciət Azərbaycanın mövqeyini kifayət qədər aydın və sistemli şəkildə ortaya qoyur: milli maraqların qorunması, regional sülhə açıq olmaq və eyni zamanda reallıqlara əsaslanan siyasət yürütmək".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən