Trampın növbəti hədəfi Kubadır? - General DANIŞDI
Xəbər verdiyimiz kimi, Pentaqon Kubada hərbi əməliyyatların keçirilməsinə hazırlığa başlayıb.
Xatırladım ki, ABŞ Prezidenti Donald Tramp son aylarda dəfələrlə bildirib ki, İrandan sonra Kuba ilə məşğul olacaq.
Yaxın müddət ərzində ABŞ Kubaya hücum edə bilərmi?
Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz Redaktor.az-a bildirdi ki, bu ssenari hazırkı geosiyasi reallıqlar fonunda çox aşağı ehtimallı görünsə də, tamamilə istisna deyil:
"Məsələni soyuq başla və strateji prizmadan təhlil etdikdə aydın olur ki, ABŞ-Kuba konteksti artıq klassik bir hədəf hesab olunmur. Kuba, "Raket böhranı" dövründəki kimi supergüclərin qarşıdurma mərkəzi deyil və ABŞ-nin artıq bu ölkədə "Guantanamo Bay" hərbi dəniz bazası kimi hərbi mövcudluğu var. İran, Çin və ya Rusiya ilə müqayisədə Kuba birbaşa hərbi təhlükə yaratmadığı üçün Vaşinqtonun təcili hərbi əməliyyat keçirməsinə zərurət yoxdur".
Müsahibimiz əlavə etdi ki, Trampın bu tip açıqlamaları adətən daxili siyasətə, xüsusilə Florida seçicilərinə xidmət edir:
"Eyni zamanda, bu bəyanatlar mövcud rejimlərə psixoloji təzyiq göstərmək və gələcək danışıqlar üçün rıçaqlar yaratmaq məqsədi daşıyır. Tarixi təcrübə göstərir ki, Tramp administrasiyası dövründə sərt sanksiyalar tətbiq olunsa da, birbaşa hərbi müdaxilə baş verməyib. Bu baxımdan, sözügedən bəyanatlar çox vaxt real əməliyyat planı deyil, sadəcə strateji siqnal xarakteri daşıyır. Xüsusilə İran ilə gərginliyin azaldığı və ya atəşkəs müzakirələrinin olduğu bir dövrdə ABŞ-nin ikinci bir cəbhə açması strateji baxımdan risklidir. İki cəbhəli gərginlik resursların bölünməsinə səbəb olar. Kuba məsələsi isə dərhal Rusiya və ya Çin tərəfindən siyasi-hərbi maraqlar naminə istifadə edilə bilər. Belə bir addım həm də Latın Amerikasında güclü anti-Amerika dalğasına yol açar. Hərbi müdaxilə yalnız Kubada rejimin tam çökməsi, ABŞ-yə qarşı konkret raket təhlükəsinin yaranması və ya böyük güclərin adada hərbi cəhətdən möhkəmlənməsi halında real ola bilər ki, hazırda bu şərtlər mövcud deyil".
Generalın sözlərinə görə, Pentaqon tərəfindən aparılan hazırlıqlar isə çox vaxt real əməliyyat qərarı deyil, hərbi doktrina üzrə standart ehtimal planlarıdır:
"ABŞ ordusu dünyanın demək olar ki, hər regionu üçün "B planı" hazırlayır, lakin bu, əməliyyatın dərhal başlayacağı anlamına gəlmir. Hazırkı reallıqda birbaşa müdaxilə ehtimalı çox aşağı olsa da, sanksiyaların artma perspektivi yüksəkdir. Nəticə etibarilə, strateji baxımdan hazırda məntiqsiz görünən bu addım yalnız Kuba böyük güclər üçün platformaya çevrilərsə və ya birbaşa təhlükə yaranarsa gündəmə gələ bilər".
Xədicə BAXIŞLI













