"Belçika və Hollandiya Azərbaycan prezidentinin bu qətiyyətli siyasəti qarşısında acizdirlər"
"Dünyanın müasir çağırışları fonunda Azərbaycan Respublikasının başçısı cənab İlham Əliyevin bir çox çıxışlarında Azərbaycan dövlətinin mövqeyi bəlli olur. Dünyanın gələcəyi, yeni nizamla bağlı fikir platformasının, düşüncə platformasının ortaya qoyulması, Azərbaycanın nüfuzunun nəzərə alınması, Azərbaycan dövlətinin daxili işlərində və Azərbaycan xalqının həyatında böyük uğurların, nəticələrin əldə edildiyi bir mərhələ ilə qarşı-qarşıyayıq".
Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Hikmət Məmmədov səsləndirdi.
Onun sözlərinə görə, hazırkı tarixi mərhələdə bütün dünya ölkələri öz tarixinin ən mürəkkəb mərhələlərindən, sınaqlar dövründən keçir:
"Bu və ya digər formada dünyanın nüfuzlu ölkələrinin müharibəyə cəlb edilməsi, sınaqlar mərhələsi və eyni zamanda iqtisadi təhdidlərin artması fonunda dünyada bir gərginlik müşahidə olunur. Birinci Dünya müharibəsi dörd il, İkinci Dünya müharibəsi isə dörd ildən çox çəkib, amma bunların heç biri 44 günə bənzəmir. Yəni fikrim mürəkkəb bir metaforadan ibarətdir ki, dörd ildən artıq davam edən müharibələrdə əldə olunan nəticə ilə müqayisə etmək mümkün deyil. Hər hansı bir dövlətin hər hansı zaman kəsiyində apardığı digər müharibələrin heç biri 44 günlük müharibə kimi nəticə əldə edə bilməyib. O zaman mənə elə gəlir ki, Azərbaycanın xarici və dünya siyasətində, düşüncə mərkəzlərində öz-özünə verilən bir sual yaranıb: necə oldu ki, Azərbaycan 44 gündə dünyanın ən mürəkkəb problemlərindən birini həll etməyi bacardı?"
Deputatın fikrincə, bu gün Belçika və Niderlandın qəbul etdiyi qərəzli qərarların kökündə Azərbaycan Prezidentinin də qeyd etdiyi fikir dayanır ki, biz artıq öz torpaqlarımıza, dədə-baba torpaqlarımıza sahib çıxmışıq:
"Ona görə də Belçikada, Hollandiyada hamı bilir ki, qərəzli qərarlar qəbul etsələr də, Azərbaycan prezidentinin bu qətiyyətli siyasəti qarşısında acizdirlər".
NURİYYƏ













